“Hazırlığımız çox yaxşı keçir. Gərgin və intensiv məşqlərlə qarşıdan gələn mövsümə hazırlaşırıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin braziliyalı legioneri komandasının yay təlim-məşq toplanışı haqda danışan Gilyerme Pato deyib.
21 yaşlı vinger bu ayın sonuna qədər tam hazır olacaqlarına əminliyini gizlətməyib.
Patonun fikrincə, yenilənmiş komanda inamlı təsir bağışlayaraq hədəfə çatmaq yönündə avarkeşləri sevindirməyi bacaracaq:
“Qarşıda daha 10 gün vaxtımız var. Düşünürəm ki, “Aris”lə oyunlara qədər komandamız tam hazır olacaq. Bu cür təlim-məşq toplanışından sonra problem olmamalıdır.
“Neftçi”nin yeni futbolçularla gücləndiyini bilirsiniz. Kifayət qədər səviyyəli və təcrübəli oyunçulardır. Qarşıdakı mövsümdə onların komandaya çox köməyi olacaq.”Aris”lə matçda mövsümə qələbə ilə başlamaq istəyirik”.
“Ağ-qaralar” Avropa Konfrans Liqasının birinci mərhələsində ilk görüşünü iyulun 21-də səfərdə “Aris”ə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
HƏBİB

