“Neftçi”nin yeni transferi gördüklərini dilə gətirdi

10 İyul 2022 12:40 Neftçi 2 259
“Neftçi”nin yeni transferi  gördüklərini dilə gətirdi

“Neftçi”nin yeni transferi Qodsvey Donyo klubun televiziyasına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qanalı hücumçu Türkiyədəki təlim-məşq toplanışının qaydasında keçdiyini söyləyib:

“Qarşıdakı rəsmi oyuna yaxşı hazırlaşırıq. Çox yaxşı futbolçu və məşqçi heyətimiz var. Əzmkarlıqla məşq edirik. Hər futbolçu öz üzərində yaxşı çalışır. Hamının fikri məşqlərə köklənib”.

“Sakaryaspor”la 1:1 hesablı heç-heçə etdikləri görüşdə fərqlənən forvard komandanın yaxşı təsir bağışladığını bildirib:

“Son iki ay ərzində ilk oyunumuzu keçirdik. Demək olar ki, qarşıya qoyulan tələbləri yerinə yetirdik. Növbəti matçlarda da yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə daha da çox işləməliyik.

Aşağı təzyiq tətbiq edərək topu özümüzdə saxlamağa çalışırıq. Bu, ilk oyunumuz idi. Komandada yeni futbolçular var. Bir-birimizi daha yaxından tanımaq və növbəti matçlarda yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə çalışmalıyıq”.

Donyo komanda yoldaşları ilə yaxşı münasibət qurmaq istədiyini sözlərinə əlavə edib:

“Buraya yeni gəlmişəm. Ataa Caber və Kenni Sayef ilə bir-birimizi İsraildən tanıyırıq. Eyni zamanda, Mamadu Mboc və Yusuf Lavalla tanış oldum.

Onlar nənim üçün afrikalı qardaşlarım kimidir. Hələlik bu dörd nəfərlə daha yaxşı münasibətim var. Ümid edirəm ki, zaman keçdikcə digər komanda yoldaşlarımla da yaxşı münasibət quracağam”.

Hücumçu “Neftçi” fanatlarının qarşısında oynamağı böyük səbirsizliklə gözlədiyini vurğulayıb:

“Onlarla birlikdə yeni qələbələr qazanacağımıza ümid edirəm. Onların çox heyrətamiz olduğunu bilirəm.

Fanatlar bizi həmişə – istər yaxşı, istərsə də pis zamanımızda dəstəkləməlidirlər. Uğur qazanmaq üçün hər zaman bir olmalı və birlikdə çalışmalıyıq”.

“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə üz-üzə gələcək. “Ağ-qaralar” ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!