“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın yeni komandasında nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.
46 yaşlı mütəxəssis məşqçi karyerasında müəyyən uğurlara nail olsa da, son illər klubları tez-tez dəyişməsi və hansısa dönəmlərdə işsiz qalması sual doğurur.
Ən ciddi problem isə Regenin şəxsi həyatında baş qaldıran problemlər və ölkəsində özü haqda formalaşdırdığı imicdir.
İyulun 5-də “Realitateasportiva” saytında “Neftçi”nin çalışdırıcısı haqda geniş yazı dərc olunub ki, rəsmi nigahda olduğu xanım – Anamariya Prodan maraqlı açıqlamalarla diqqət çəkib.
Müəllif Mihay Popesku yazır.
Rumıniyalı çalışdırıcı təxminən 1 il əvvəl ailəsindən xəbərsiz boşanma müraciəti edərək, müvafiq orqandan alimentin təyin edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Rege “Universitatya”da qazandığı pulun 1/3 hissəsini Anamariyadan olan oğluna ödəməli imiş.
Bunun üçün məşqçiyə 1 illik möhlət verilib. Lakin o, pulunun olmadığını bildirərək övladına aliment ödəməkdən imtina edib.
Şəhərdə Regenin fəlakətli maliyyə vəziyyəti ilə üzləşməsi haqda şayiələr gəzməkdədir. 1 il əvvəl məşuqəsi Kaçukla evdən qaçan və aylarla bunu gizlətməyə çalışan məşqçi indi böyük biabırçılığın astanasına çatıb.
BƏƏ çalışdığı dönəmdə - Dubayda tanış olduğu məşuqəsi Kaçuka qoşulandan sonra Regenin maddi durumu xeyli pisləşib. Tanışlarına xeyli borcu var, avtomobillərini və qiymətli əşyalarını girov qoyub.
Anamariya danışır:
“Onun hazırkı durumu tragikomikdir. Laurentsiunun bu vəziyyətə düşməsinə görə təəssüf edirəm. Mənə dedilər ki, şəhərdəki bəzi yerlərdə aldığı əşyalara görə endirim güzəşti xahiş edir. Söz tapa bilmirəm.
Kişisənsə və evdən qaçırsansa, heç olmasa uşaqlarına bax! Nə deyəcəyimi bilmirəm. Baxıb qalmışam.
Mən heç vaxt boşanmaq arzusunda olmamışam. Belə şeyi istəməklə özümü lağ obyektinə çevirmək istəməmişəm. Övladım var və ona görə yaşayıram. İndi məhkəmənin verəcəyi son qərarı gözləyirəm.
Mən onunla danışmaq üçün min dəfə cəhd etdim. Məşuqəsi, sürücüsü, dostları və ya vəkil olmadan. İndi hamı ondan istədiyi kimi istifadə edir. Amma o, uşağa aliment ödəməkdən boyun qaçırır”.
Bu qədər şəxsi problemlərin fonunda Regenin “Neftçi”də nə dərəcədə uğurlu olacağını görmək üçün gözləməliyik.
İnanaq və ümid edək ki, “ağ-qaralar” yeni mərhələdə inamlı təsir bağışlayıb həm avrokuboklarda, həm də Premyer Liqada azarkeşlərini sevindirməyi bacaracaq.
Hər halda, “Neftçi” adı və təcrübəsi ilə çempionata rəng qatan komandadır.
HƏBİB / SPORTİNFO.AZ

