Son illər “Neftçi”də ən çox tənqid olunan futbolçulardan birinin Mamadu Mboc olduğunu desək, nəsə yalan danışmış olmarıq.
Zaman-zaman etdiyi kobud səhvlərlə gündəmə gələn futbolçu azarkeşlərin əsəbləri ilə az oynamayıb.
Futbol ictimaiyyəti də seneqallı müdafiəçini heç vaxt “Neftçi” səviyyəsində futbolçu saymayıb.
Amma hər nə qədər qəribə səslənsə də bu qədər mənfi münasibətə rəğmən komandaya gələn baş məşqçilər ona xüsusi münasibət bəsləyir...
29 yaşlı oyunçu 2019-cu ildə “Ağ qaralar”a transfer edilib. Onu ölkəmizə italiyalı mütəxəssis Roberto Bordin gətririb. Bordindən sonra komandanı bir il yaxın müddətdə Füzuli Məmmədov çalışdırıb. Onun dönəmində də Mboc şans qazanıb.
Füzuli Məmmədovun istefasından sonra Samir Abasov bu posta əyləşib. Abasovun fəaliyyət dövrü isə iki il çəkib. Bu müddətdə də Mboc komandanın əsas üzvlərindən biri sayılıb və çempionluqda pay sahibi olub.
Ötən mövsümün sonu Abasovla yollar ayrılıb və yenidən “Neftçi”yə əcnəbi mütəxəssis Lorentsio Regekampf gətirilib. Son yoxlama matçı göstərdi ki, rumıniyalı mütəxəsis də ucaboy mərkəz müdafiəçisinə güvənir.
Belə ki, “Neftçi”dən növbəti dəfə ayrılacağı gözləniilən legioner futbolçu Bolu toplanışına aparılmaqla bərabər, əsas heyətdə oynamaq şansı da qazandı.
Legioner müdafiəçi ümumilikdə arxada qalan 3 ildə, 3 məşqçinin rəhbərliyi altında 80 oyun meydana çıxıb və 9 qol, 2 asistlə yadda qalıb.
Deyəsən, Mboc özü gedənə qədər hələ çox məşqçiləri yola salacaq...
XANOĞLAN / SPORTİNFO.AZ

