4 ildə böyüyən "Neftçi"nin afrikalısı - Yolun açıq olsun...

26 Yanvar 2022 19:40 Neftçi 707
4 ildə böyüyən "Neftçi"nin afrikalısı - Yolun açıq olsun...

Mamadu Kaneni indi Azərbaycan futbolu ilə azacıq belə maraqlanan hər kəs yaxından tanıyır.

Amma cəmi 4 il əvvəl onu heç öz ölkəsində də tanıyan yox idi. 4 ildə Kane üçün o qədər şey dəyişdi ki...

Bir futbolçu özü üçün arzulayacağı çox şeyi qvineyalı oğlan cəmi 4 ildə əldə etməyi bacardı.

"Neftçi" onu transfer edəndə 21 yaşı vardı. Öncə baxışa gəldi, özünü yaxşı tərəfdən göstərincə əsas komandaya götürüldü.

Onun "ağ-qaralar"a seçilməsində o vaxtkı idman direktoru Ceyhun Sultanovun xüsusi rolu olmuşdu. Səhv etmirəmsə, ilk aylar Kanenin "Neftçi"dəki maaşı 500 dolları keçmirdi.

Bəstəboy futbolçunun debüt matçı "Qarabağ"la oyuna təsadüf edib. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 67-ci dəqiqəsində Emin Mahmudovun əvəzinə meydana çıxmışdı. Elə həmin 23 dəqiqə bəs eləmişdi ki, 21 yaşlı afrikalının istedadına bələd olaq.

Qısa müddətdə artan sürətlə möhtəşəm performans sərgiləyən Kane sonunda haqq etdiyi zirvəyə yüksəlməyi bacardı.

4 il əvvəl yalnız qohumları tərəfindən tanınan balaca afrikalı bu gün ölkəsinin millisində əsas simadır.

4 il əvvəl 500 dollar maaş alan balaca, qısa müddətdə o qədər böyüdü ki, bu gün bir milyondan da baha qiymətə "Olimpiakos" kimi adlı-sanlı komandaya transfer olundu.

Deməli, inkişaf üçün, böyümək üçün və ən nəhayət istedadını göstərmək üçün bəzən Azərbaycan Premyer Liqası kimi kiçik çempionatlar da yetərlidir. Ki, 4 ildə Kane bunu əyani göstərmiş oldu.

Kane oyunu ilə bərabər, nizam intizamı ilə də yaxşı mənada fərqlənməyi bacardı. Pul onu qəti dəyişmədi. Əbəs deyil ki, fanatlar da onu öz yetirmələri qədər əziz bilirdilər.

Kane də sonda "Neftçi"nin haqqını satış məbləği ilə ödəməklə bərabər, həm də "Neftçi"li az yaşlılara bir "Kane nümunəsi" qoyaraq getmiş oldu.

Yolun açıq olsun, "ağ-qaralar"ın afrikalısı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti