"Neftçi”nin qapısının ağzını kəsdirən CİDDİ BÖHRAN

4 Dekabr 2021 22:20 Neftçi 1 310
"Neftçi”nin qapısının ağzını kəsdirən CİDDİ BÖHRAN

Premyer Liqanın 12-ci turu biri-birindən maraqlı oyunlarda yadda qalacaq.

Turun mərkəzi qarşılaşması turnir cədvəlindəki mövqe baxımından “Zirə” – “Qəbələ” görüşü hesab olunsa da, yekun nəticəsinin əhəmiyyətinə “Neftçi” – “Sumqayıt” dueli də kifayət qədər önəm kəsb edir.

Söhbət son çempionla kubokun finalçısından, başqa cür desək, yaydakı avrokubok iştirakçılarından gedirsə, durum məlumdur.

“Neftçi” üçün “Sumqayıt” kabusu
“Neftçi”nin bazar günkü oyunda xal(lar) itirəcəyini ehtimal edənlərin sayı heç də az deyil. Bu məqamda əldə tutulan əsas bakılıların son illərdə sumqayıtlılar önündə çətinlik çəkməsidir.

Yaxın keçmişə “səyahət” etməli olsaq, “kimyaçılar”ın “ağ-qaralar” üçün kabusa çevrildiyini görərik. Ayxan Abasovun çalışdırdığı kollektivin indi yox, hələ Roberto Bordinin burda işlədiyi dönəmdən

“Neftçi”ni bir neçə dəfə çempionatda və ölkə kubokunda büdrətdiyinin şahidi olmuşuq. Ötən mövsüm komandalar arasında baş tutan 4 qarşılaşmanın 2-də “kimyaçılar” qələbə sevinib ki, hər iki zəfər “Neftçi”nin meydanında qazanılıb.

Daha 1 oyun heç-heçə tamamlanıb, digərində Samir Abasovun yetirmələri 3 xalı bayram edib. Cari mövsümün ilk dövrəsində “Kapital Bank Arena”da keçirilən oyunda tərəflərin hərəyə 1 qol vurduğunu da xatırlatmaq yerinə düşər.

Qısası, son 5 görüşdə son çempion bu rəqibi üzərində cəmi 1 qələbə əldə edib.

Dərd üstünə dərd
Oyunun gözəlliyinə müəyyən mənada ziyan vuracaq məqam hər iki komandada ciddi itkilərin olmasıdır.

“Sumqayıt”da uzun müddətə sıradan çıxan Elvin Bədəlovla 5 oyunluq cəzalanan Murad Xaçayev olmayacaq. Bədəlov xeyli müddətdir komandadan ayrı düşüb deyə, Ayxan Abbasov dərdə müəyyən mənəada çarə tapıb.

“Neftçi”dəki itkilər isə ciddi siqnal verir. Söhbət “çərçivə”nin “ağa”sı Aqil Məmmədovdan, müdafiə xətinin dəyişməz simaları Mamadu Mbocdan gedir.

Aqili nisbətən təcrübəsiz Kamran İbrahimov əvəzləyəcəksə, Samir Abasov müdafiənin mərkəzi ilə bağlı sual ətrafında “baş sındırmalıdır”.

Hətta buna çarə tapsa belə, yenilənmiş və nadir hallarda yanaşı oynayan futbolçuların necə təsir bağışlayacağı narahatlıq doğurur.

Üstəlik, komandanın “vuran ayağı” Tyaqo Bezerra da zədədən sonra ideal formasından uzaq düşüb.

Psixoloji basqı, qorxu, həyəcan...
İndiki durumda 3 xal hər iki komandaya hava-su kimi lazımdır. “Ağ-qaralar” çempionluq yolundakı əsas rəqibi “Qarabağ”dan 7 xal geri düşüb, üstəlik, “Zirə”ylə “Qəbələ”ni özündən irəli buraxıb. “Sumqayıt”ı ilk “4-lük”dən 9 xal ayırır.

“Kimyaçılar”ın reallıq hisləri ilə barışdığını Ayxan Abbasovun son açıqlamalarından duymaq çətin deyil.

Baş məşqçi hər imkanda itkiləri qabardıb, hadisələrin sonrakı axarını qədərə bağlayır. Açıq danışsaq, avrokuboklara vəsiqəsiz qalmaq sumqayıtlılar üçün dünyanın sonu sayılmayacaq.

Amma eyni sözləri bakılılar üçün demək olmur. Çempion kollektiv bu il də çempionluq mübarizəsini sürdürməlidir.

Di gəl, indiki durum ağıllarda fərqli fikirlər yaratmaqdadır. Ardıcıl 3 oyunu məğlub başa vuran Samir Abasovun yetirmələri “Səbail” üzərində çətin qələbə sayəsində nisbətən özünə gəlməyi bacardı.

“Sumqayıt”la görüşdə itiriləcək xallar “Qəbələ” ilə çətin səfər öncəsi daxildəki ab-havanı əməlli-başlı korlayacaq. Hətta bu oyundakı uğursuzluq qəbəlilərlə matça qədər məşqçi və futolçu heyətinin toparlanmasını mümkünsüzə çevirəcək.

Bu isə o deməkdir ki, “Sumqayıt” sindromu və itkilər bir yana, “ağ-qaralar” “kimyaçılar” önündə həm də psixoloji basqı altında olacaq.
Güclü olan qazansın!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti