“Mirabdullanın dediyinə görə, orada ağır söyüş olub" - TƏFƏRRÜAT

23 Noyabr 2021 17:40 Neftçi 3 305
“Mirabdullanın dediyinə görə, orada ağır söyüş olub" - TƏFƏRRÜAT

“Sabah”la oyunun ertəsi azarkeşlərin istəyi ilə futbolçumuz Mirabdulla Abbasovla fanatlar arasında bazada görüş baş tutdu.

“Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev gəlmişdi, meydana daxil olan Murad adlı fanat və əlavə daha bir azarkeş”.

Bu sözlər Sportinfo.az-a açıqlama verən “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə məxsusdur.

Klub rəsmisi bildirib ki, fanatlarla futbolçu arasında görüş zamanı həmin insidentlə bağlı araşdırma aparılıb və tərəflərin fikirləri dinlənilib.

Yekunda məsələyə aydınlıq gəlib. Arada anlaşılmazlığın olduğu üzə çıxıb. Oyun günü bir-birinə düşmən kəsilənlər sonda əl sıxıb, görüşüb:

“Həm Mirabdulla, həm də azarkeşlər hadisənin necə baş verdiyini danışdılar. Məlum oldu ki, “Forza Neftçi”nin üzvləri həmin epizodda yerdə qalan rəqib futbolçuya təzyiq göstərib.

Mirabdulla da sözlərin ona deyildiyini zənn edərək tribunadakılara əl jesti edib. Bu jest arada gərginlik yaradıb.

Murad da Abbasovun əl jestindən qəzəblənərək meydana daxil olub. Artıq heç bir problem yoxdur. Məsələ danışıldı və yoluna qoyuldu”.

İşin bu tərəfini başa düşdük. Belədə, sual yaranır: Mirabdulla Abbasovu qəzəbləndirən, sonda göz yaşlarını tökməyə məcbur edən ağır söyüş kim tərəfindən söyülüb? O şəxs kimdir?

Allahverdiyevin suala cavabı belə oldu: “Mirabdullanın dediyinə görə, orada ağır söyüş olub. Heç bir azarkeşin kiminsə valideynini təhqir etmək haqqı yoxdur.

Futbolçu da bundan qəzəblənib, təsirlənib. Lakin söyüş söyən azarkeşin kimliyini öyrənmək mümkün olmadı.

O qədər adamın içində söyüş söyən bir nəfəri tapmaq müşkül məsələdir. “Forza Neftçi”nin üzvləri heç bir futbolçunun valideynini söymədiyini bildirdi”.

“Neftçi” – “Sabah” görüşünün (1:2) son saniyələrində Murad adlı azarkeş meydana daxil olub Mirabdulla Abbasovla əlbəyaxa olmaq istəmiş, yaxınlıqdakıların səyi nəticəsində fanatla futbolçunu sakitləşdirmək mümkün olmuşdu.

Nəticədə Mirabdulla göz yaşlarına hakim ola bilməmişdi. Həmin fanat isə polis bölməsinə aparılmışdı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!