"Neftçi" Konfrans Liqasında mübarizəyə başlayıb.
"Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.
"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.
İkinci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.
Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.
Cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
Üç ildən sonra Avropaya dönən «Neftçi»nin Konfrans Liqasına acınacaqlı məğlubiyyətlə başlaması rəhbərliyi hiddətləndirib.
«Dinamo» ilə matçdan sonra klubdaxili toplantı keçirilib. Müşahidə Şurasının üzvlərinin baş rol aldığı iclas 1 saat çəkib.
Burada Baş direktor Ceng Sümer və idman direktoru Zaur Əzizov da iştirak edib. Eəl stadionda təşkil olunan yığıncaqda qeydə alınan yenilgidən narazılıq bildirilib, hər iki funksioner danlaq eşidib.
Şuranın təmsilçiləri 2:4 hesablı məğlubiyyəti heç cür qəbul etmədiklərini söyləyib, Minskdəki cavab görüşündə mütləq bunun əvəzini çıxmağı tələb eləyib.
Onlar yay fasiləsində düşərgəyə cəlb olunmuş legionerlərdən məmnun qalmayıblar - həm Sümerə, həm də Əzizova bu istiqamətdə yarıtmaz fəaliyyət göstərdikləri söylənilib.
Xüsusən slovakiyalı hücumçu Lyubomir Turpanın ümidləri doğrultmadığı diqqətə çatdırılıb.
SPORTİNFO.AZ

