“Neftçi” üçün “qol maşını”... ONU TAPIN!

19 İyun 2021 20:40 Neftçi 1 710
“Neftçi” üçün “qol maşını”... ONU TAPIN!

Ölkənin ən qocaman klubu olan “Neftçi” “Qarabağ”ın uzun illər davam edən hegemonluğuna son qoydu və azarkeşlərinin çempionluq həsrətini bitirdi.

Sözsüz, bu, Samir Abasovun gəlişiylə simasını ciddi mənada dəyişən “ağ-qaralar” üçün yetərincə böyük uğur idi.

Özü də “Neftçi” bu zəfərə “Qarabağ”a, yəni əsas rəqibə 0:6 hesablı məğlubiyyətdən sonra toparlanmaqla imza atdı.

Bu məqam komanda üçün xeyli ciddi və diqqətdən qaçırılmayacaq uğurdu. Çünki heç də hər komanda belə toparlanmağı, xarakter nümayiş etdirməyi bacarmaz. Mövsümün gedişində “xalq komandası”nın çempion olacağına inanan futbol mütəxəssislərinin sayı elə də çox deyildi. “Neftçi” qeyri-sabit qrafik cizir, “Sumqayıt”a uduzur, vacib oyunlarda Masazırda, Qəbələdə xal itirirdi. Bununla belə, Samir Abasov komandanı toparlamağı, çətin sınaqdan üzüağ çıxarmağı bacardı. Deməli, çalışdırıcının həm xarakterinə, həm də çətin məqamda futbolçularını motivasiya etmək qabiliyyətinə inanmağa dəyər. Bəli, biz “Neftçi”yə inanmalı, dəstək olmalıyıq. “Niyə” sualının cavabı isə çox sadədi. Artıq Azərbaycan premyer-liqası bitib, “ağ-qaralar” ölkəmizi qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında təmsil edəcək. Azərbaycanı, vətənimizi, həm də hər birimizi!

Yəqin ki, bu deyimi siz də eşitmisiz: “Zirvəyə yüksəlmək asandı, amma orda duruş gətirmək çətin”. İndiki “Neftçi”nin durumuna bu ifadə xeyli uyğun gəlir. Düzdü, hələ ki yeni mövsüm başlayamayıb və ən azı gələn ilin mayına qədər “Neftçi”nin çempionluq tituluna heç kim şübhə etməyəcək. Amma bir məsələ var ki, uğurun davamını avrokuboklarda gətirmək mümkün olmayanda, o çempionluq titulunun möhtəşəmliyi, qızıl medalların parıltısı da tez unudulur. “Neftçi”nin məsuliyyətini artıran məqam təkcə bu deyil. Ardıcıl 7 il Azərbaycan çempionu olan “Qarabağ” məhz Avropanın yaşıl meydanlarında qazandığı zəfərlərlə azarkeşlərin könlündə taxt qurub, hətta neytral futbolsevərlərin sevgisini qazana bilib. Ən radikal “Neftçi” azarkeşi belə razılaşar ki, ardıcıl 7 mövsüm avrokubokların qrupuna yüksəlmək, qitənin top-klubları sırasında qərarlaşmaq, Çempionlar Liqasının qrupunda “Atletiko”nu büdrətmək, “Çelsi” və “Roma” kimi rəqiblərə qarşı layiqincə mübarizə aparmaq yetərincə böyük uğurdu. “Qarabağ”ı çempionluq taxtından salan “Neftçi” indi özü bu uğurun davamını gətirməlidi. “Xalq komandası” ən azı ağır yükün altına çiyinlərini verməli, üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlməyə çalışmalıdı.

Əbəs yerə az öncə “Neftçi”nin və onun baş məşqçisi Samir Abasovun yaxşı xarakterə sahib olduğunu vurğulamadım. Onlar mövsümün gedişində bunu isbatlaya bildilər. Avrokuboklarda da bu xarakteri işə salmaq, sona qədər mübarizə aparmaq vacibdi. “Xalq komandası” mütləq qarşısına böyük hədəflər qoymalı, tarixi missiyanın öhdəsindən layiqincə gəlmək üçün vuruşmalıdı. Düzdü, hələ mövsümün gedişində “Neftçi”nin heyətindəki nöqsanlar “göz oxşayırdı”. Yalan olmasın, elə bir mövqe yoxdu ki, orda problem olmasın. Xüsusən də hücum xətti xeyli “dişsizdi”. Kapitan Emin Mahmudovla Namik Ələskərov zaman-zaman səhnəyə çıxdılar, vurduqları vacib qollarla “Neftçi”ni çətin durumdan çıxardılar. Elə Eminin “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin qapısına vurduğu son saniyə qolu nəyə desən, dəyərdi. Bu görüşdə “Neftçi”nin ümidləri tükənir, komandanın “Qarabağ”la sona qədər yarışa biləcəyinə olan ümidlər azalırdı. Və belə bir məqamda Mahmudov sərrast zərbəylə topu “Qəbələ”nin qapısından keçirdi, ölən ümidlərə nəfəs verdi. Namikin təkcə “Neftçi”nin yox, bütövlükdə Azərbaycan premyer-liqasının bombardiri olması da əlavə şərhə əlyeri qoymur. Bu iki futbolçu mövsüm boyunca “Neftçi”nin ağır yükünü çəkdilər, komandanı zirvədə saxladılar.

Amma hamımız yaxşı bilirik ki, Çempionlar Liqası Azərbaycan çempionatından çox fərqlənir. Orda nə Eminə bu qədər geniş meydan verəcəklər, nə də Namikə. Bu məsul yarışın startına qədər “Neftçi” mütləq yaxşı hücumçu tapmalıdı. Özü də nə Kvame Karikarinin səviyyəsində, nə də Canluka Sansonenin yaşında. Avropada özünü göstərmək eşqiylə alışıb-yanan, “Neftçi”yə keçidə yeni bir çağırış, özünüsübut şansı kimi yanaşan bir “qol maşını” tapılmalıdı. Bu hücumçunun Keysuke Honda qədər məşhur biri olmasına, “Neftçi”nin təbliğatına fayda verməsinə də ehtiyac yoxdu. Adam qol vurmaq üçün meydana çıxsın, öz işini görsün. Samir Abasovun Çempionlar Liqasının püşkatmasından sonra verdiyi açıqlamaya siz də diqqət yetirin. Çempionluğun memarı heyətlə bağlı problemləri önə çəkir. İş o yerə gəlib çatıb ki, “Neftçi”nin əcnəbiləri viza problemi səbəbindən düşərgəyə zamanında qayıda bilmirlər. Bu problemləri həll etmək isə Abasovun səlahiyyət çərçivəsini aşır. Hər kəs öz işini layiqincə görsə, “Neftçi”dən də uğur gözləməyə dəyər. Samir bəy açıqlamasının sonunda xalqımızdan, azarkeşlərdən dəstək gözlədiklərini də vurğulayıb. Onlar bu dəstəkdən əmin ola bilərlər. Yetər ki, topu qapıya vuracaq səviyyəli futbolçular tapılsın (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti