Samir Abasov "Neftçi"ni "Sumqayıt"la səhv salır

22 Yanvar 2021 13:00 Neftçi 1 608
Samir Abasov "Neftçi"ni "Sumqayıt"la səhv salır

Qış fasiləsindən sonra Premyer Liqa Bakıya yağan qar havasıyla qaldığı yerdən davam dedi.

Komandalar bir-birini nəinki əzbər tanıyır, artıq beziblər. Yoxlama oyunlarında da, rəsmi görüşlərdə də eyni adlar, eyni simalar.

"Səbail" - "Neftçi" matçının aşkar favoriti qonaqlar sayılırdı. Bayıl dağlarının təmsilçisi birincilikdə can dərdi yer tutur, say düzəldir.

Buna baxmayaraq, ilk yarıda bütün komponentlərdə liderdən üstün görünürdülər. Məntiqi nəticəsi də hesabda önə keçmələri oldu.

Əfran Ismayılov təkbaşına "Neftçi"nin orta və müdafiə xəttini barmağına dolayırdı. Top saxlamaqda, mövqe hücumlarında "Səbail" daha inamlı görünürdü.

Yaratdıqları əlverişli imkanlardan istifadə edə bilsəydilər, "Neftçi" ayılmamış ikinci, hətta üçüncü topu da vura bilərdilər. Bunun əvəzinə, heç nə ilə yadda qalmayan rəqibdən özləri qapılarında qol gördülər.

Fasilədən sonra "Neftçi" qış yuxusundan ayıldı və dərhal da önə keçdi. Komandanın oyunu isə heç də ürəkaçan deyil.

"Neftçi" Samir Abasovun "Sumqayıt"ını xatırladır. Futbolçular mövqe hücumlarında axsayırlar, bilmirlər nə etsinlər. Bakılılar Sabir Buqrin kimi bəzi legionerlərin fərdi oyununa möhtac qalıb.

"Neftçi" kimi komanda tək sürətli əks-hücumlara bel bağlamamalıdır. Arxada iki astagəl – Vojislav Stankoviç-Mamdu Mbodj tandemindən, ümumiyyətlə, danışmağa dəyməz.

Aftandil Hacıyev rəqibi yaxşı "oxumuşdu", fəqət, özü də sonda yersiz əvəzetmələrlə "Neftçi"nin qələbə qazanmasına kömək etmiş oldu.

Heyət nə qədər kasad olsa da, baş məşqçinin matçın ən yaxşılarından olan Əfranı kənara alması başadüşülən deyildi. Oyunun sonunda nə qədər yorğunluq olsa da,

Əfranın "ölüsü" meydana daxil olanların dirisindən yaxşı idi. Digər dəyişikliklər də eyni. Təsadüfi deyil ki, əvəzetmələrdən sonra oyun ərzində daha üstün görünən "Səbail" konsentrasiyasını tam itirdi və qapısında üçüncü topu gördü.

"Neftçi" qalib gəlsə də, Samir Abasov çox düşünməlidir. Qələbə qələbədir, amma flaqman adına belə oyun yaraşmaz. Fasilədən sonra ilk oyun bəhanəsinin də yeri yoxdur, bu baxımdan bütün komandalar eyni vəziyyətdədir.

Açığı, "Neftçi"nin sərgilədiyi oyunla çempionluğa ümid etmək sadəlövlük olar. Aktivə 3 xal yazılsa da, komanda oyun planında ciddi dönüş yaratmalıdır. "Neftçi"də intizam da yerində deyil.

Yarım saata 3 sarı vərəqə və etiraza görə futbolçuların haqlı cəzalandırılması bir yana, dərk edilməlidir ki, meydanda tək referi yox, hərbi paltarını idarəçilik formasına dəyişmiş zəfər çalmış döyüşçü-hakim ədaləti qoruyurdu.

Kamal Umudlunu hörmətlə meydana dəvət etmək nədir, heç üstündən 5-10 dəqiqə keçməmiş etirazlar nədir? Futbol nə qədər emosional oyun olsa da, igidlərimizə sayğı heç vaxt unudulmamalıdır.

Bu gün igid oğullarımızın sayəsində xalqımız rahat, azad yaşayır. Zəif Premyer Liqada isə futbolçular, ümumiyyətlə, "bəslənilirlər". Bunu heç bir futbolçu unutmasın!

Görüşdən sonra Samir Abasovun da futbolçuların oyuna köklənməsindən narazı qalması qeyd olunanların əyani təsdiqidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti