Premyer Liqanın 12-ci turunda “Şamaxı” öz meydanında “Turan Tovuz”a məğlub oldu.
Gərgin keçən qarşılaşmanın yekununda qərblilər 2:0 hesablı qələbəyə sevindi.
Sportinfo.az-a müsahibə verən “şirlər”in portuqaliyalı yarımmüdafiəçisi Filipe Markes oyunla bağlı sualları cavablandırıb.
- Rəqibin son matçlardakı nəticələrini nəzərə alsaq, belə gedişat, bu cür sonluq gözləyirdiniz?
- Fikrimcə, tək bizim üçün yox, “Turan Tovuz” üçün də ağır 90 dəqiqə oldu. Xüsusən ilk hissədə onlara çətin anlar yaşatdıq, qol imkanları yaratdıq. Lakin yol verdiyimiz kiçik bir səhv gedişata təsir etdi. Əslində qol buraxmağımız komandanı “sındırmamışdı”, sadəcə “Turan Tovuz” müdafiəyə böyük diqqət ayırırdı. İkinci hissəyə də yaxşı başladıq, pressinq etdik, rəqibə “qırmızı” aldırdıq. Məhz həmin “qırmızı” işimizi çətinləşdirdi.
- Əksi olmalı deyildi?
- Bəlkə də olmalıydı. Amma rəqib hesabda öndəydi deyə, demək olar hücuma çıxmırdı, əsasən əks-hücumlara bel bağlayırdı. “Turan Tovuz” kimi rəqib çoxluqla müdafiə olunanda qol vurmaq bir az da çətinləşir. Nəticədə adi vəziyyətdə ikinci qolu buraxdıq.
- Məğlubiyyətdə hakim nə qədər pay sahibi oldu? Çünki klub rəsmiləri hakim idarəçiliyi ilə bağlı etiraz edir.
- Hakimliklə bağlı danışmağı xoşlamıram. Hər kəs meydanda öz işini görür. Fikrimcə, rəqibin ilk qolu zamanı qayda pozuntusu yox idi. Bəzi epizodlarda verdiyi qərarlar zamanı da şübhələr yaranırdı. Amma bu, futboldur, belə hallar qaçılmazdır. Toparlanıb, növbəti matçlara hazırlaşmalıyıq.
- Həqiqətənmi “Turan Tovuz”a qarşı oynamaq digər iddialılara qarşı mübarizə aparmaqdan çətindir?
- Onlar topsuz vəziyyətlərdə rahat görünürlər. Çünki qaçmağı, mübarizə aparmağı bacarırlar. Əgər top səndədirsə və taktiki baxımdan ağıllı oynayırsansa, nələrsə etmək mümkündür.
- Rəqibin heyətindəki bəzi futbolçularla dost münasibətində olduğunuz kənardan hiss olunurdu. Oyundan sonra məğlubiyyətə görə sizə təsəlli verdilər?
- Hamımız vətənimizdən uzaqda oynayırıq. Belədə meydanda həmyerlini, yaxud eyni dildə danışdığın birini görəndə, istər-istəməz xoş olur. Bəli, çoxu ilə münasibətimiz yaxşıdır. Ancaq meydana çıxanda hər şey unudulur. O, öz komandasının, mən isə öz komandamın uğur qazanması üçün çalışıram.
HƏBİB
