"Sumqayıt"ın yarımmüdafiəçisi Sabuhi Abdullazadə uzun fasilədən sonra geri qayıdıb.
Avqustun 16-da "Neftçi" ilə oyunda ağır xəsarət alan futbolçu bu gün "Sumqayıt"ın əvəzedici komandasının heyətində yaşıl meydanlara dönüb.
O, "Şəfa" ilə qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olub.
Beləliklə, hətta futbolçu karyerasını başa vurmaq məcburiyyətində qala biləcəyi iddia edilən Abdullazadənin uzunmüddətli müalicə və bərpa prosesi başa çatıb.
Yarımmüdafiəçi 3 ay 12 gündən sonra yenidən futbol oynamaq imkanı əldə edib.
"Sumqayıt"ın sabiq kapitanı "Neftçi" ilə qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra əsəbiləşərək dəhlizdəki qapının şüşəsini vurub sındırmış, nəticədə ayağından ciddi xəsarət almışdı.
Hətta onun futbol karyerasını bitirəcəyi ehtimalı yaranmışdı. Lakin uğurlu əməliyyat keçirən milli üzvü gözləniləndən tez yenidən sevimli peşəsinə qayıda bilib.
Abdullazadə zədəsinin müalicəsi və bərpası ilə məşğul olduğu müddətdə kapitanlıq sarğısını da itirib.
Klubda kapitanlıq vəzifəsi İsa Sülimana həvalə edib.
Abdullazadənin meydana çıxdığı oyunda isə "Sumqayıt"ın ikinci komandası qələbə qazanıb - 3:1.
XANOĞLAN/ SPORTİNFO.AZ
