“Barselona”ya məğlub olan “Sabah” diqqətini növbəti qarşılaşmaya yönəldib.
Paytaxt təmsilçisinin qarşıdakı rəqibi Premyer Liqanın autsayderi, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Araz-Naxçıvan”dır.
Naxçıvan təmsilçisi sonuncu pillədə yer alsa da, keçirdiyi oyunlarda rəqiblərinə qarşı layiqli mübarizə aparmaq gücündə olduğunu göstərib.
Xüsusilə ilk dövrədə “Sabah”la qarşılaşmada rəqibinə çətin anlar yaşatmağı bacarmışdı. Qəbələdə baş tutan görüşdə “bayquşlar” minimal hesablı qələbəyə (1:0) çətinliklə nail olmuşdu.
Budəfəki qarşılaşmanın fərqli ssenari üzrə keçəcəyi gözlənilir.
Belə ki, “Sabah” Çempionlar Liqasında “Barselona” ilə ağır oyundan çıxıb. Qarşısındakı rəqib cari mövsümdə qələbə qazana bilməyən, qalibiyyətə həsrət qalan “Araz-Naxçıvan”dır.
“Ağ-qırmızılar”ın əsas heyət üzvlərindən olan fransalı hücumçu Mohamed Mara qarşıdakı görüşlə bağlı fikirlərini Sportinfo.az-a bölüşüb:
“Məqsədimiz uğursuz seriyaya son qoymaq və nəhayət, “Sabah”üzərində ilk qələbəmizi qazanmaqdır. Bilirik ki, asan oyun olmayacaq.
“Sabah”güclü komandadır. Bununla belə, yaxşı hazırlaşmışıq və öz gücümüzə inanırıq.
Meydanda əlimizdən gələni edəcək, qətiyyətlə oynayacaq və istədiyimiz nəticəni əldə etmək üçün sona qədər mübarizə aparacağıq.
Bəli, ‘Sabah’ ‘Barselona’ya qarşı çox ağır oyun keçirdi və bu matçda xeyli enerji sərf etmiş ola bilər. Ancaq biz rəqibin mümkün yorğunluğuna güvənmək istəmirik.
“Sabah” keyfiyyətli futbolçulardan qurulmuş güclü heyətə malikdir və onların bizimlə oyuna hazır vəziyyətdə çıxacağını gözləyirik.
Əsas diqqətimiz öz oyunumuzda, taktiki planımızda və qarşılaşma zamanı yaranacaq hər fürsətdən maksimum yararlanmaqdadır”.
Qeyd edək ki, noyabrın 28-də “Sabah Arena”da keçiriləcək “Sabah” – “Araz-Naxçıvan” görüşü saat 19:00-da başlayacaq.
HƏBİB
