"Kəpəz" Misli Premyer Liqasının XIII turu çərçivəsində səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün əhəmiyyətli oyun idi. Etiraf edək ki, çempionatımızın liderlərindən birinə qarşı oynayırdıq. Onlar fiziki baxımdan güclü kollektivdir. Düşünürəm ki, bu gün komandamız layiqincə mübarizə apardı. “Turan Tovuz” liderlər sırasında olsa da, onlardan çəkinmədik, sona qədər döyüşdük. Təəssüflər olsun ki, buradan məğlubiyyətlə ayrılırıq. Düşünürəm ki, ən azından 1 xala layiq idik. Gəncədən gələn çoxsaylı azarkeşlərimizə təşəkkür edirəm, bizi həmişəki kimi tək qoymadılar. Bugünkü performansa görə futbolçulara təşəkkürümü bildirdim.
- Vaxtilə “Turan Tovuz”da da oynamısınız. Sizin dövrünüzdəki derbilərlə indikini necə müqayisə edərdiniz?
- Düşünürəm ki, bizim vaxtımızda derbilər çox maraqlı keçirdi. 2004/05 mövsümü Azərbaycan çempionatının ən maraqlı mövsümü idi. Həmin vaxt azarkeş daha çox olurdu.
- “Turan Tovuz”un standart vəziyyətlərdə güclü olduğu bəllidir. Bununla bağlı futbolçularınıza hansı tapşırıqları vermişdiz?
- Düz qeyd etdiz. Həftə ərzində müdafiə planında bunun üzərində çox çalışırdıq. “Turan Tovuz”un əsas silahı standart vəziyyətlər və uzun ötürmələrdir. Bizim komandada rəqibin hücuma qoşulan futbolçuları qədər ucaboylu oyunçular yoxdur. İstədik ki, nələrsə edək. Pis də alınmırdı. Hər iki qolu qeyd etdiyim uzun ötürmədən və standart vəziyyətdən sonra buraxdıq.
- Rəqibin ikinci qolunda səhv harada oldu?
- Futbolçulara tapşırmışdım ki, rəqibin uzun ötürmələrinin qarşısını alsınlar. Bunu edə bilmədikləri üçün özümdən çıxdım.
- İlin sonuna qədər bütün oyunlarınız səfərdə olacaq. Rəqiblər isə ikinci altılıqda yer alan komandalardır. Bu matçlarda hədəfiniz 9 xal toplaamaq olacaq?
- Mən hər oyunda 3 xalı düşünməsəm, futbolçularım həvəsdən düşərlər. Bəli, onlara tapşırıram ki, qol buraxmayaq. Çünki qapımızı toxunulmaz saxlasaq, qol vura bilərik. ”Şamaxı” ilə matçdan (1:4) sonra ilk dəfə idi qapımızda 2 qol görürdük. Qarşıdakı oyunlarda oyunda hədəfimiz 9 xal toplamaqdır. Bu gün Tovuza da qələbə üçün gəlmişdik.
