I Liqada çempionluq uğrunda amansız mübarizə davam edir.
Liqanı qalib kimi başa vurmaq uğrunda beş komanda mübarizə aparır ki, birinci yerdəki 19 xala sahib “Şahdağ Qusar”la beşinci pillədə yer alan “Səbail”in arasında cəmi 6 xal fərq var.
Digər kollektivlər “Gəncəbasar” (17), “Karvan-Yevlax” (16) və MOİK-dir (15).
Bir şey məlumdur ki, çempionluğun taleyi son turlara qədər davam edəcək. Digər önəmli məqam bu beş komandanın arasında favorit qismində birini digərindən fərqləndirməyin mümkün olmamasıdır.
“Karvan-Yevlax”ın iddiası bir illik ayrılıqdan sonra yenidən elitaya qayıtmaqdır. Klub və komandada hər kəs bu məqsəd uğrunda birləşib.
Komandanın qol ümidi İbrahim Əliyev Sportinfo.az-a açıqlamasında Yevlax təmsilçisinin birincilik şanslarını dəyərləndirib:
“İlk gündən qarşımıza Premyer Liqaya qayıtmaq məqsədi qoyulub. Hər məşqdə, hər oyunda bizə bunu xatırladırlar.
İstər rəhbərlik, istər məşqçilər, istərsə də komanda daxilində hər kəsin əsas hədəfi çempion olaraq elitaya qayıtmaqdır.
Bunun üçün əlimizdən gələni edəcəyik. Çempionluq uğrunda mübarizədə şanslarımızı olduqca yüksək qiymətləndirirəm
. Düşünürəm ki, əsas namizədlərdən biriyik, hətta birincisi də biz ola bilərik”.
HƏBİB
