Braziliyalı hücumçunun Azərbaycan karyerası erkən bitdi - SON DƏQİQƏ

20:20 Sumqayıt 81
Braziliyalı hücumçunun Azərbaycan karyerası erkən bitdi - SON DƏQİQƏ

“Sumqayıt” yay transfer pəncərəsində heyətinə qatdığı Jeam Oliveyra ilə yollarını ayırıb.

Daha əvvəl braziliyalı hücumçunun əməliyyat olunmaq üçün vətəninə yollandığını bildirmişdik.

Məsələ ilə bağlı yeni detallar əldə etmişik.

Əslində, 32 yaşlı forvard zədələndikdən sonra bir müddət klubun nəzarəti altında müalicə alıb.

“Sumqayıt” rəhbərliyi və tibbi heyət Oliveyranın əməliyyatsız şəkildə yaşıl meydanlara qayıtması üçün müalicə variantları nəzərdən keçirib.

Lakin bütün cəhdlərə baxmayaraq, bu, mümkün olmayıb. Həkimlər sonda əməliyyatın zəruriliyini birmənalı şəkildə bildiriblər.

Klubla futbolçu arasında aparılan müzakirələr zamanı əməliyyatdan sonrakı bərpa prosesinin də kifayət qədər uzun çəkəcəyi məlum olub.

Cənubi amerikalının “Sumqayıt”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Tərəflər hesab ediblər ki, bu müddət ərzində Oliveyranın komandaya kömək etməsi real görünmür.

Nəticədə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Klub futbolçuya müəyyən məbləğdə əvvəlcədən ödəniş etməklə onun əməliyyatına dəstək olub.

Beləliklə, Jeam Oliveyra müalicəsini davam etdirmək və əməliyyat olunmaq üçün Braziliyaya qayıdıb. O, bundan sonra “Sumqayıt”a dönməyəcək.

Jeam cari mövsüm “kimyaçılar”ın heyətində 6 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Premyer Liqanın 6-cı turunda “Qəbələ” ilə görüşdə ağır zədə almışdı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti