Premyer Liqanın 13-cü turunun son oyun günündə “Şamaxı” öz meydanında “Qəbələ”ni qonaq edəcək.
Qonşu şəhərləri təmsil edən komandaların dueli həm əvvəlki oyunlar, həm də turnir cədvəlindəki vəziyyət baxımından ciddi önəm daşıyır.
Qəbələlilər bu matçda qələbə qazanacağı təqdirdi 9-cu pillədən 7-ci yerə yüksələcək ki, bununla da təhlükəli zonadan xeyli uzaqlaşacaq.
“Qırmızı-qaralar” Yeton Bekirinin gəlişindən sonra uğurlu qrafiklə irəliləyir. “Şirlər” isə cari mövsümdə xüsusən ev matçlarında inamlı təsir bağışlayır.
Bir sözlə, bu qarşılaşma gərginliyi ilə tura damğa vuracaq.
Sportinfo.az-a danışan “Şamaxı”nın portuqaliyalı yarımmüdafiəçisi Filipe Markes komandasının qələbə istəyini gizlətməyib:
“Şamaxıda oynamağımız bizim üçün ciddi üstünlükdür. Premyer Liqada asan matç yoxdur. Bütün rəqiblər bir-birinə çətinlik yaratmağı bacarır.
Hər iki komanda üçün ağır olacaq. Lakin bu, bizim hədəfimizi dəyişmir. Meydana 3 xal üçün çıxacağıq.
Qələbə qazanmaq istəyiriksə, diqqəti əldən verməməliyik. “Qəbələ”nin heyətində hər an qol vura biləcək futbolçular var.
Yeni baş məşqçinin gəlişindən sonra nəticələri yaxşılaşıb. İndi daha inamlı və istəklidirlər”.
Noyabrın 29-da Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
HƏBİB
