Azərbaycan boksçusu Məhəmməd Abdullayevin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində yarımfinal rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ermənistan boksçusu Davit Çaloyanla qarşılaşacaq. Finala vəsiqə uğrunda döyüş dekabrın 1-də keçiriləcək.
Çaloyan 1/4 finalda hindistanlı Savan Gillə qalib gəlib. Hakimlərdən dördü Ermənistan təmsilçisinin, biri isə rəqibinin üstünlüyünü qeydə alıb - 4:1.
Abdullayev isə ilk görüşündə polşalı Yakub Domuradı 4:0 hesabı ilə məğlub edib. Yarımfinala yüksələn boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib.
Qarşıdakı görüş Braziliyadakı finalın təkrarı olacaq. Bu ilin aprelində Fos-du-İquasuda keçirilən Dünya Kuboku mərhələsinin həlledici döyüşündə Abdullayevlə Çaloyan üz-üzə gəlmişdilər.
Həmin qarşılaşmada Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanmışdı.
Bu dəfə onların görüşünün qalibi dekabrın 3-də keçiriləcək finalda iştirak hüququ əldə edəcək.
Azərbaycan Daşkənd turnirində iki boksçu ilə təmsil olunur. Abdullayevlə yanaşı, Nəbi İsgəndərov da 70 kq çəki dərəcəsində mübarizə aparır.
