Sportinfo.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Viçko Şevel sualları cavablandırıb.
- Gərgin keçən görüşdə “Zirə”ni 1:0 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çox ağır oyun oldu. Bu görüşdə qələbə qazanmaq və 3 xal əldə etmək bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Etiraf etməliyəm ki, matçın müəyyən anlarında yaxşı təsir bağışlamadıq. Ancaq hazırda ən vacib məqam nəticə qazanmaqdır. Qalib gəldiyimizə və turnir cədvəlindəki mövqeyimizi qoruduğumuza görə sevinirəm.
- Matça yaxşı başladınız və erkən qol vurdunuz. Lakin ikinci hissədə təşəbbüsü rəqibə verdiniz. Bu, hesabı qorumaq istəyindən irəli gəlirdi, yoxsa baş məşqçinin tapşırığı belə idi?
- Xeyr, baş məşqçimizdən belə bir göstəriş almamışdıq. Digər tərəfdən, “Zirə” də kifayət qədər güclü komandadır. Fasilədən sonra oyunun gedişində müdafiəyə daha çox diqqət yetirməli olduq. Buna baxmayaraq, rəqibə ciddi qol imkanları yaratmağa imkan vermədik. Onların cəmi bir real fürsəti oldu.
- İlk dövrədə “Neftçi” “Zirə”yə məğlub olmuşdu. Bu amil budəfəki qarşılaşmada motivasiyanızı artırırdı?
- Həmin oyunda meydanda olmamışam. Buna görə də o məğlubiyyətin səbəbləri ilə bağlı fikir bildirmək istəmirəm. Ancaq bu dəfəki matça gəlincə, əlbəttə, əvvəlki nəticə bizim üçün əlavə motivasiya idi. “Neftçi” kimi böyük klubun qarşısına hər zaman qələbə qazanmaq məqsədi qoyulur. Biz də bu hədəfə çatmaq üçün əlimizdən gələni edirik.
- Çempionatda fasiləyə cəmi 3 tur qalıb. Demək olar ki, “Neftçi” qış çempionluğuna çox yaxındır?
- Əlbəttə, hazırda əsas hədəflərimizdən biri budur. Amma indidən nəsə demək istəmirəm. Çünki bütün diqqətimizi qarşıdakı oyunlara yönəldirik və hər matça ayrıca yanaşırıq. Hazırda fikrimiz yalnız növbəti görüşdədir. Məqsədimiz hər qarşılaşmadan 3 xalla ayrılmaqdır.
- Qarşıda sizi “Şəfa” ilə ardıcıl iki oyun gözləyir. Əvvəl kubokda, daha sonra çempionatda üz-üzə gələcəksiniz. Eyni rəqiblə qısa müddətdə iki dəfə qarşılaşmaq sizi yormayacaq?
- Xeyr, düşünmürəm. Çünki hər iki görüşün özünəməxsus əhəmiyyəti var. Bizim üçün rəqibin kim olması o qədər də önəm daşımır. İstər “Qarabağ”, istər “Sabah”, istərsə də “Şəfa” ilə oynayaq, məqsədimiz dəyişmir. Hər oyuna qələbə üçün çıxırıq və qarşıdakı matçlarda da uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Hazırda Azərbaycan Premyer Liqasında eyni mövqedə çıxış edən iki xorvat futbolçu – siz və İvan Lepinitsa inamlı oyun nümayiş etdirirsiniz. Sizcə, hansınız Xorvatiya millisinə dəvət almağa daha yaxındır?
- Bu suala cavab vermək mənim üçün çətindir (gülür). Təbii ki, milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Mən də Xorvatiya millisindən dəvət almağı çox istəyirəm. Ümid edirəm ki, nə vaxtsa bu istəyimə çatacağam. Hələlik isə bütün diqqətimi “Neftçi”dəki çıxışıma və komandamızın uğurlarına yönəltmişəm. Burada olmaqdan məmnunam.
- Təxminən 10 il əvvəl həmyerliniz Dario Melnyak da “Neftçi”də çıxış edib. Lakin o, Xorvatiya millisinə yalnız komandadan ayrıldıqdan sonra dəvət alıb. Eyni aqibəti yaşamaqdan narahat deyilsiniz? Ümumiyyətlə, Melnyakla “Neftçi” barədə söhbətiniz olub?
- Xeyr, onunla danışmamışam. Azərbaycana gəlməzdən əvvəl bir neçə başqa futbolçu ilə söhbət etmişdim. Melnyak həqiqətən də yaxşı oyunçudur, hazırda “Hayduk”un kapitanıdır. Mən də Xorvatiya millisindən dəvət almaq üçün çalışmağa davam edirəm və inanıram ki, bir gün bu arzum həyata keçəcək.
