“Qarabağ” Avropanı növbəti dəfə yaxşı mənada təəccübləndirməyi bacardı.
Sıxıq-salxaq heyətlə Niderlanda gedən təmsilçimizin qələbə qazanacağını kim gözləyirdi ki?
“Köhlən atlar” “Şamaxı”yla oyunda yorğun görünməklə adamlarda “Tvente” ilə oyun öncəsi müəyyən qədər şübhə yaratmışdı.
Səfər matçı, yol yorğunluğu, üstəgəl, Abdullah Zubirin gedişi, Elvin Cəfərquliyev, Zakaria Savo, Pedro Bikalyo, Renaldo Sefas kimi futbolçuların zədə səbəbindən kənarda qalması, Bebrail Makreçkisin cəzalı durumda olması.
“Allah böyük hesablı məğlubiyyətdən qorusun” dediyimiz anda “Qarabağ” “Tvente”ni səfərdə 1:0 hesabı ilə üstələməyi bacardı.
Ötən mövsüm Çempionlar Liqasında pley-offa qədər irəliləyən komandanın əsas heyəti yadınızdadır?
Qapını Mateuş Koxalski qoruyurdu, müdafiənin mərkəzində Kevin Medina ilə Bəhlul Mustafazadə, cinahlarda Elvin Cəfərquliyevlə Mateus Silva yer alırdı, yarımmüdafiənin mərkəzinə Kadi Borges-Marko Yankoviç-Pedro Bikalyo “üçlüy”ü nəzarət edirdi, cinahlar Leandro Andradeylə Abdullah Zubirə həvalə olunurdu, hücumda Kamilo Duran yer alırdı.
“Tvente” ilə qarşılaşmada bu futbolçulardan neçəsi əsas heyətdə meydana çıxmışdı?
Metuş Silva, Kadi Borges və Marko Yankoviç. Vəssalam.
Təsəvvür edin, Qurban Qurbanovun 6 ay əvvəl “Nyukasl”la oyunlarda şans verdiyi futbolçulardan cəmi üçü Niderlandda ilk dəqiqələrdən meydanda idi. Bu, “Qarabağ”ın təxminən 75 faiz yenilərdən və əvvəlki dönəmdə oynamayanlardan qurulması deməkdir.
Düşünün ki, yarım il əvvəllə müqayisədə 75 faiz yenilənən komanda səfərdə “Tvente”ni və onun azarkeşlərini şoka salır, əsas mərhələyə yüksəlmək yolunda ciddi addım atır.
İndi siz deyin, “Qarabağ”a adlı-sanlı, yalnız pulu düşünən, söz götürməyən, özünü zədədən qoruyan bahalı legionerlər lazımdır, yoxsa meydanda canını qoyan Bense Varkoni, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa?
Futbolda pul çox şeyi həll edir, lakin “Qarabağ” kimi kiçik büdcəli komandalar istək və ağıllı siyasətin sayəsində qabağa gedir.
HƏBİB / SPORTİNFO.AZ
