İyunda Cavid Hüseynovu Premyer Liqaya qaytaran «Araz-Naxçıvan» yeni mövsümə olduqca pis başlayıb.
İlk turda «İmişli» ilə xalları böldülər, dünən də «Neftçi» onları beş «yerə böldü».
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun «hamı bir kənara, «Neftçi» bir kənara» fikriylə yanaşdığı oyunda «Araz» biabırçı təsir bağışladı.
İlk hissədə dörd qol vuran «Neftçi» fasilədən sonra tempi qəsdən öldürdü, hər fürsətdə topu irəli daşımadı, özündə saxladı.
İstəmədilər, yoxsa daha 3-4 dəfə qonaqların qapısına yol tapardılar.
«Neftçi»nin hesab arasındakı fərqi 5:0-dan o yana böyütməkdən yayınması tribunadan o qədər aşkar sezilirdi ki… Yəqin ki, Axundovun gözündən qaçmadı bu.
O. nəsə edəcək. Boş keçməyəcək 0:5-i. Ya bu gün, ya sabah, ya da həftəsonu səsi çıxacaq.
Hüseynovun istefa vermək yarışında digər həmkarlarını qabaqlayacaı bu gedişlə daha çox inandırıcıdır.
Axundov səbrsiz, eyni zamanda, iddialı rəhbərdir, «Araz»ın turnir cədvəlinin aşağılarında sürünməsinə çox dözməz.
İmkan verməz ki, Cavid Hüseynov «Şamaxı» və «Səbail» kimi, onun doğma şəhərinin komandasını da I Liqaya yola salsın.
Hələlik hər şey bu istiqamətdə inkişaf edir. «İnkişaf» yalnız bundadır. Həqiqi inkişafın «i» hərfindən danışmaq istəsək, özümüz özümüzü aldatmış olarıq.
Hüseynovun oynatmaq istədiyi futbolu tutmaq olmur. İndi oynadıqları oyun deyil, zir-zibildir. Çox təəssüf.
Düzü, «Araz»ın heyəti Hüseynovun abrını aparacaq qədər zəif hesab oluna bilməz. Bəlli şərtlər altında ortabab bir komandadır. Ancaq nə olsun, bu heyət nə oynadığını, nə oynamaq istədiyini anlamayacaq qədər bərbad qrafik cızır.
Futbolçunun topa toxunuşundan bəlli olur ki, o, hansısa «proqram»la yüklənərək meydana çıxmayıb. Başıalovlu yox, başdansovdu bir «iş» var ortalıqda.
Utancverici və bədbəxt bir «Araz» izləmək, doğrudan da, adamı məyus edir.
Vallah, Zaur Axundovun özü, yaxud həmişə yan-yörəsini kəsdirən dostlarından hansı biri komandanı oyuna hazırlasa və texniki zonada əyləşsə, Cavid Hüseynovdan kəntöy futbol oynatmaz.
Bu tunelin axırında işıq görsənmir, o, baş məşqçi postunda qalarsa, daha pis günlər «Araz»ın qapısını bərkdən döyəcək.
ELNUR
