Açılış turunda səfər görüşündə “Zirə”yə 0:2 hesabı ilə uduzan paytaxt təmsilçisi 2-ci turda 3 xala sevindi.
Bakılılar bölgə səfərində “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməklə turun gözlənilməz nəticəsinə imzasını yazdırdı.
Oyunu izləyənlər üçün “Şəfa”nın sponsoru “My Group Holding”in rəhbəri Emil İsgəndərov, klubun prezidenti Kənan Sadıqlı, vitse-prezidenti Əfran İsmayılov və digər rəsmilər Qəbələyə yollanmışdı.
Hakimin final fitindən sonra Premyer Liqada ilk qələbəni bayram edən rəsmilərin sevincini görməyə dəyərdi.
Onlar üçün ayrılmış tribunada bir-birini bağrına basandan sonra sıra paltardəyişmə otağına baş çəkib məşqçi və futbolçuları təbrik etməyə çatdı.
Təbii ki, meydanda can qoyanların gözlədiyi axıdılan tərə və qazanılan 3 xala görə veriləcək mükafat idi.
Rəhbər şəxs mükafatın məbləğini deyəndə, paltardəyişmə otağınmdan bir səs çıxdı ki, gəl görəsən.
Nə qədər?
Nə az, nə çox, 3 min manat.
Təbii ki, bu məbləğ əsas heyətdə meydana çıxan futbolçulara nəzərdə tutulub. Sonradan oyuna qoşulanlar və sona qədər ehtiyatda qalanlar nisbətən az qazanc əldə edəcək.
Elitanın debütantı üçün, həm də özünə tay rəqiblə oyundakı qələbəyə görə 3 min manat kifayət qədər samballı məbləğ sayıla bilər.
SPORTİNFO.AZ
