“Qarabağ” yenə gündəmi "dağıdır"!
Hamının dilində Qurban Qurbanov və onun komandasıdır. 3-5 gün əvvəl “Qurban erası bitdi,
“Qarabağ” batdı” deyənlər də indi tərifi tərif ardınca yağdırır.
Ümidsizliyə qapılmaq üçün müəyyən əsaslar vardı. Yenilənmiş heyətlə “Qarabağ” əvvəlki kimi möhkəm görünmür, ümid vermirdi.
Gəl ki, bu nasaz təyyarəni xatırldan komandanı pilot - baş məşqçi Qurban Qurbanov sağ-salamat qəzadan çıxara bildi.
Son illərdə “Qarabağ”ı belə ümidsizcəsinə səfərə yola salmağımız nadir hallarda olub. Ağdam klubu bundan öncə əvvəlki şöhrətindən uzaq düşmüş “Dinamo Kiyev”i mübarizədən kənarlaşdırsa belə, hazırda yaxşı formada olan “Tvente” qarşısında, özü də səfərdə uğur qazanacağna inananlar elə çox deyildi.
“Qarabağ” Enshededə meydana faktiki yarımcan vəziyyətdə çıxmışdı.
Abdullah Zubir 4 gün əvvəl “Qarabağ”la vidalaşıb, Qətərə yollanmışdı, Cebrail Makreçkis qırmızı vərəqə cəzası üzündən oyunu buraxmalı idi. Zakaria Savo və Elvin Cəfərquliyev zədənin müalicəsi ilə məşğul idi.
Bunlar azmış kimi, oyun günü Renaldo Sefas və Pedro Bikalyonun da zədə üzündən meydana çıxa bilməyəcəyi məlum oldu.
“Tvente”yə qarşı start “11-liy”i müəyyənləşdikdən sonra ehtiyada 7 oyunçu qalmışdı ki, onların da ikisi qapıçı, digərləri zədə üzündən 6 aydır futbol oynamayan Bəhlul Mustafazadə, ipinin üstünə odun yığmağa ehtiyat etdiyimiz Dani Bolt, baş məşqçinin gözündən düşən Joni Montiel və bir də ikisinin birgə yaşı Bədavi Hüseynovun yaşına çatmayan gənclər - Əli Bəşirovla Hikmət Cəbrayılzadə.
Bədavi demişkən, adam əsl döyüşçüdür! Bunu əvvəllər də demişəm, indi də təkrarlayıram: kaş Bədavidə olan xarakter, komanda ruhu və əxlaq, tərbiyə hər bir futbolçumuzda olardı.
Yaşı əvvəlki kimi oynamasına imkan verməsə də, əzmkarlığı, döyüşkən ruhu sayəsində bəzən mövcud potensialından daha üst səviyyədə mübarizə aparır, çətin anlarda liderlik, kapitanlıq keyfiyyətini ortaya qoyub, komandasına fayda verir.
Yeri gəlmişkən, Bədavi 12 il əvvəl elə bu şəhərdə - bu arenadakı oyunda da “Tvente”yə qarşı mübarizə aparmışdı. “Qarabağ”ın uğurdolu avrokubok tarixi həmin 1:1 bitən, komandanı ilk dəfə qrupa salan oyunla başlamışdı.
“Tvente” azarkeşləri arasında, şübhəsiz ki, 12 il əvvəlki qarşılaşmanı unutmayanlar da vardı. Onlar üçün yarımcan “Qarabağ”la bu duel 2014-dəki matçın revanşı olmalı idi.
Hələ “Tvente”nin baş məşqçisi Con van den Bromun da “Qarabağ”la ayrı haqq-hesabı vardı.
2022-ci ildə məhz onun baş məşqçisi olduğu “Lex Poznan” “Qarabağ”la Bakıdakı oyunda 5:1 darmadağın olunmuş, PFL-in keçmiş prezidenti Ramin Musayev “Qarabağ” “Lex”i “lox” elədi” cümləsiylə qələbəyə şərh vermiş, son nəticədə elə bu ifadəyə görə də vəzifəsindən göndərilmişdi.
İlkin Fikrətoğlu
