“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində rəqib olduqları “Qarabağ” barədə fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis ESPN-ə açıqlamasında Abdullah Zubirin artıq “Qarabağ”da çıxış etməməsinə sevindiyini deyib.
“Onun getməsinə şadam. “Dinamo”ya qarşı oynayıb, sonra deyəsən, müqaviləsi ləğv olundu. O, şübhəsiz ki, onların ən yaxşı futbolçularından biri idi. Belə oyunçuların meydana çıxmaması həmişə yaxşıdır”, - deyə van den Brom bildirib.
Baş məşqçi “Qarabağ”ı ətraflı təhlil etdiklərini də vurğulayıb:
“Demək olar ki, meydandakı bütün futbolçuları keyfiyyətlidir və hamısı topla oynamağı sevir. Bunun üçün risk də edirlər və hücum düşüncəsi ilə çıxış edirlər.
Məncə, müdafiəyə keçiddə bir qədər zəifdirlər. Amma ümumilikdə bu, çox yaxşı komandadır və bura niyə gəldiyini bilir”.
Van den Brom “Qarabağ”ın son illərdə ardıcıl avrokuboklarda çıxış etdiyini qeyd edib.
“Nə qədər çox enerji və intensivliklə oynasaq, istənilən rəqib üçün bir o qədər çətin olacağıq” - niderlandlı mütəxəssis əlavə eləyib.
Abdullah Zubir “Qarabağ”dan ayrıldıqdan sonra Qətərin “Əl-Şahaniya” klubuna keçib.
O, 2018-ci ildən çıxış etdiyi Ağdam klubunun heyətində 368 matçda 78 qol vurub. “Qarabağ”la altı dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.

