"Bu, Bakıda Ulu Öndərin adına layiq möhtəşəm futbol turniri oldu"

10 May 2023 22:20 Müsahibə 647
"Bu, Bakıda Ulu Öndərin adına layiq möhtəşəm futbol turniri oldu"

Azərbaycanın minifutbol üzrə yığmasının qapıçısı Davud Kərimi Sportinfo.az-a müsahibə verib.

- Heydər Əliyevin 100 illik yubleyinə həsr olunan beynəlxalq minifutbol turniri arxada qaldı. Turnir barədə nələr deyə bilərsən?

- Turnir barədə, ancaq müsbət fikirlər səsələndirə bilərəm. Məncə, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, mətbuat xidmətinin rəhbəri Sərxan İbrahimoğlu və Orxan Hüseynov kiçik heyətlə böyük iş görmüş oldular. Ulu Öndərin adına layiq möhtəşəm turnir baş tutdu. Yalnız xoş sözlər dilə gətirmək olar. Azarkeşlərimizə də təşəkkür edirəm. Bütün oyunlara gəldilər və bizə əla dəstək nümayiş etdirdilər.

- Milli komandamız turniri 4-cü pillədə başa vurdu. Nəticə barədə nə deyərdin?

- Düzdü, nəticə ürəkaçan olmadı. Amma unutmayaq ki, bu bir turnir idi. Baş məşqçimiz Dünya Çempionatı öncəsi heyətə yeni futbolçular cəlb etmişdi. Əsas məqsədlərdən biri həmin oyunçuları yoxlamaq idi. Buna rəğmən hər kəs gördü ki, heç bir oyunda əl-qolumuzu yanımıza salıb təslim olmadıq. Güclü Serbiya və Çexiya milliləri ilə oyunda da layiqli mübarizə apardıq.

- Bəs layiqli mübarizəni yaxşı pillədə başa vurmağa nə mane oldu?

- Sadəcə şanssızlıq yaşadığımız anlar oldu. Xeyirlisi demək ki, budur. Qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərəcəyimizə inanırıq.

- Avropa çempionluğundan sonra ilk beynəlxaq yarışınız idi. Çempionluq titulu üzərinizdə əlavə təzyiq yaradırdımı?

- Əlbəttə, gözləntilər böyük idi. Bundan başqa doğma meydanda oynamaq da əlavə təzyiq yaradırdı. Titulu qazanmaq asandır, onu saxlamaq çox çətindir. Baş məşqçimizin rəhbərliyi altında həftədə 4 dəfə məşqlərimizi davam etdiririk. Titulu qorumaq barədə düşünürük. Dünya çempionatına daha hazır vəziyyətdə gedəcəyimizə inanıram. Rəhbərlik də bunun üçün lazım olan şəraiti yaradıb.

- Rəhbərlik demişkən, nəticə ilə bağlı hər hansı irad, narazılıq oldumu?

- Orxan müəllimi hamımız yaxşı tanıyırıq. Çox gözəl insandır. Bizim oyunların demək olar hamısın canlı izlədi. Gördü ki, uşaqlar meydanda can qoydular, əziyyət çəkdilər. Çox istərdik ki, nəticə verək, amma alınmadı. Xeyirlisi nədirsə o da oldu. Turnirdən sonra da Orxan müəllim bütün kollektivi bir araya yığdı. Əsl rəhbər kimi yanımızda olduğunu bildirdi. Gələcək oyunlarda bizə uğurlar arzuladı. Bu turnirin əhəməyyəti barədə danışdı. Dünya çempionatına hazırlıq çərçivəsində belə turnirlərin keçirilməsinin vacibliyini vurğuladı. Tapşırıq verdi ki, belə turnirlərdə daha çox iştirak edək.

- Davud, özün də qeyd etdiyini kimi, həqiqətən sanballı bir turnirə ev sahibliyi etdik. Bu, gələcəkdə böyük yarışların da ölkəmizdə keçirilməsinə cığır aça bilərmi?

- İnşallah, olar. Biz də bunu istəyirik ki, gələcəkdə Dünya və Avropa çempionatları bizim ölkəmizdə keçirilsin.

- Turnir boyu çox sayda qonaqlar da ölkəmizdə səfərdə oldu. Yəqin ki, ünsiyyət imkanınız oldu. Bəs onlar hansı təəssüratla Bakını tərk etdilər?

- Yalnız çox xatirələrlə buradan ayrıldıqlarını deyə bilərəm. Turnirin ilk günündən son gününə kimi bizimlə bərabər olan Dünya Minifutbol Federasiyasının və Avropa Minifutbol Federasiyasının prezidentləri hər şeydən çox razı qaldıqlarını bildirdilər. Hətta bu səviyyədə təşkilatçılıq gözləmədiklərini belə səmimi etiraf etdilər.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti