“Orada hər şey yaxşı idi “.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şahdağ“ və “Bakı“nın sabiq hücumçusu Əhməd Ticani deyib.
O, 18 yaşında Nigeriyadan ölkəmizə gələrək Premyer Liqanın autsayderlərindən hesab olunan Qusar klubu ilə müqavilə bağlayıb.
2005/06 mövsümündə vurduğu 15 qolla bombardirlər siyahısında yalnız Yakuba Bambadan (16 qol) geridə qalıb. 20 yaşında çempionluğa iddialı “Bakı”ya keçib Azərbaycan çempionatının və ölkə kubokunun qalibi adını qazanıb.
Bir oyunda “Neftçi”nin qapısına 3 qol vuran, U-21 millimizdə oynamaq üçün AFFA-dan təklif alan hücumçu karyerasını çoxdan bitirib. Hazırda Misirdəə yaşayır və menecerliklə məşğul olur.
Afrikalı Qusarda yaşadığı həyatı xatırlayıb:
“Məndən başqa iki legioner var idi, onlarla birlikdə ev kirayələmişdik. Həm təbiəti yaxşı idi, həm də insanları qonaqpərvərliyi ilə seçilirdi.
Orada yaşamaq mənə rahat idi deyə, meydanda özümü yaxşı hiss edirdim, qollar vururdum.
Sanki neçə illərdir Qusarda yaşayırmışam ki, özümü rahat hiss edirdim. İndi də hərdən ora üçün darıxıram“.
