“Neftçi”nin məşhur simasını Region Liqasına aparan zəng – Maaş da verilməyəcək

31 Yanvar 2023 16:40 Müsahibə 2 084
“Neftçi”nin məşhur simasını Region Liqasına aparan zəng – Maaş da verilməyəcək

Birvaxtlar ölkənin perspektivli futbolçularından hesab edilən, Azərbaycan millisinin şərəfini qoruyan, “Neftçi” ilə 3 dəfə Azərbaycan çempionluğunu bayram edən Cavid İmamverdiyev yaydan bu yana işsizdir.

Ötən mövsümü Birinci Divizionda “Kəpəz”in heyətində keçirən təcrübəli futbolçu komanda Premyer Liqaya yüksələndən sonra komandaya lazım olmadı.

Futbolsuz qalmaması üçün indi də Region Liqasında “Şəki Siti”nin formasını geyinəcəyi deyilir.

Cavidin son vaxtlar “Tik Tok”da fəallığı artırması onu yenidən gündəm adamı edib.

Odur ki, xeyli vaxtdır mətbuatda görünməyən İmamverdiyevlə söhbətdə ortaya çıxan suallara aydınlıq gətirməyə çalışdıq.

- Karyeranı Region Liqasında davam etdirəcəyin haqda məlumatı oxudum.

- Hə, elə bir söhbət var. Klubun rəhbər şəxslərindən olan Elgün Hüseynov çoxdankı dostumdur. Çox gözəl münasibətə sahibik. Futbolsuz olduğumu bilirdi deyə, belə bir variant irəli sürdü, razılaşdım. Məqsəd həm komandaya kömək etmək, həm də ölkə futbolsevərlərinin diqqətini “Şəki Siti”yə və Region Liqasına yönəltməkdir. Elə bir qardaşdır ki, “yox” deyə bilmədim.

- Futbolsuz qalmamaq üçün?

- Əlbəttə. 32 yaşım var, özümdə oynamaq gücü hiss edirəm. Bir az çəki yığmışam, 4-5 kilo artıq çəkim var. Onu da qaydasına salacam. Fevralın 27-si “Karvan”la oyunumuz olacaq. Bir də pley-off oyunlarında oynayacam. Şəkidə böyük futbol olmasa da, futbol sevilir, insanlar gəlib baxır. Dostuma kömək etmək üçün gedib oynayacam.

- Pulsuz oynayacaqsan?

- Bəli-bəli. Elgünlə aramızda pul söhbəti ola bilməz. Sırf dostluğumuzun, qardaşlığımızın xatirinə gedib oynayacam.

- Peşəkar karyeran başa çatıb demək ki. Birinci Divizionda oynaya bilərdin hər halda.

- Divizionda istədiyim klubda oynaya bilərəm. Amma istəmirəm. Keçən mövsümə baxmayın. Orada söhbət başqa idi. Mən “Kəpəz”ə Yaşar Vahabzadəyə və Premyer Liqa perspektivinə görə getmişdim. Razılaşarsız ki, Birinci Divizion səviyyəsində futbolçu olmamışam. Yaşar müəllimi böyük bilib, dəvətini yerə salmayıb getdim. Amma yayda mənə qarşı o hərəkəti etməklə məni futboldan küsdürdü. O qədər əziyyət çəkib çəkimi 82 kiloya saldım, sonra nə oldusa, məni kənarlaşdırdılar. Eybi yox, canları sağ olsun. Heç kimdən incikliyim yoxdur.

- Vahabzadə səni aldatdı, hə?

- Aldatdı deyəndə ki...

- Danışığınız belə olmuşdu ki, gəl Birinci Divizionda kömək et, Premyer Liqada güvəndiyim futbolçulardan olacaqsan.

- Bəli, mənə dedi ki, komanda Premyer Liqaya çıxanda komandada əsas oyunçulardan biri olacaqsan. Özü də bilirdi ki, mən sırf ona görə getmişdim “Kəpəz”ə. Nə klub prezidentini tanıyırdım, nə başqa kimisə. Yaşar müəllim U-21-də məşqçim olmuşdu. Məşqçi və insan kimi xətrini çox istədiyim adamlardan idi. Mənə qarşı o hərəkəti etməməliydi. Ən azından bir şeyi unutmamalıydı.

- Nəyi?

- Gəncədə adım “Yaşarçı” çıxmışdı. Çatan “sən Yaşarçısan” deyirdi. Yaşar müəllimə görə nə qədər adamla üz-göz oldum, yeri gələndə dava elədim. Həmişə tərəfini saxlayırdım, heç kim yanımda onun ünvanına artıq söz deyə bilməzdi. Çünki həmişə arxamda dayanırdı, mənə dəstək verirdi. Əməliyyat olunmağıma kömək etmişdi. Amma sonda o cür davranmamalıydı. Nə isə, oldu keçdi.

- İndi işləmirsən, futbol oynamırsan, nə ilə dolanırsan?

- Şəxsi biznesim var, onunla məşğulam. Allaha min şükür, əla da dolanıram. Düzdür, gəlirim “Neftçi”də qazandığım qədər deyil. Amma bu günümə şükür edirəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"