Vaxtilə adlı-sanlı klublarda yetişmiş futbolçuların yolu nə vaxtsa Azərbaycandan keçir.
Belələri Avropada özünə yer edə bilməyən, bəxtsizlik, yaxud zədə səbəbindən vaxtilə birlikdə məşq etdiyi ulduz futbolçulardan uzaq düşənlərdir.
Kimisə bura pul dalınca gəlir, kimisini avrokubokda oynamaq arzusu dartır, eləsi də var ki, Azərbaycan çempionatından tramplin kimi yararlanmağı düşünür.

İstənilən halda bu sort futbolçular biz jurnalistlər üçün “çörək”dir. Çünki keçmişdən və indidən danışmaq üçün mövzu çox, sual bol olur. Bəzən heç vaxt eşitmədiyimiz məlumatları əldə etmək imkanı qazanırıq.
Elə “Keşlə”nin yeni transferi Natan Oduva da belələrindəndir.
“Tottenhem”in akademiyasında yetişən, Şotlandiya nəhəngi “Reyncers”in heyətində 19 oyunda şans qazanan, “Olimpiya”da Sloveniya çempionu olan, “Dandalk”la İrlandiya kubokuna yiyələnən əslən nigeriyalı hücumçu.

- Müsahibəni saat 15:45-ə razılaşdırsaq da, 20 dəqiqə gecikdin.
- Çox-çox üzr istəyirəm. Məndən asılı olmayan səbəbdən belə alındı.
- Komandanın məşqləri, görüşləri, iclasları zamanı da gecikirsən?
- Xeyr, o barədə məsuliyyətli biriyəm. Maraqlana bilərsiniz, komanda daxili məsələlərdə təyin olunan vaxtdan 15 dəqiqə tez gəlirəm. Sadəcə, bu dəfə belə alındı. Növbəti müsahibəmizə 15 dəqiqə erkən gələrəm (gülür).
- Azərbaycana gəlməmişdən əvvəl bu ad sənə nə deyirdi?
- Dərin bilgilərə malik olmasam da, ölkənin və “Qarabağ”ın adını eşitmişdim. Xatırlayırsınızsa, 2018-ci ildə “Qarabağ” Çempionlar Liqası çərçivəsində “Olimpiya” ilə oynamışdı. Həmin vaxt mən də “Olimpiya”daydım.

- Həmin oyunlarda iştirak etməmisən, məncə.
- O dönəmdə zədəli olduğuma görə meydana çıxmamışdım. Amma hər iki oyunu canlı izləmişdim. Azərbaycanın adını ikinci dəfə 2019-cu ildə eşitdim. Avropa Liqasının finalı Bakıda keçirilirdi və İngiltərənin iki komandası – “Arsenal”la “Çelsi” üz-üzə gəlirdi. Möhtəşəm açılış mərasimini və əzəmətli stadionu xatırlayıram.
- Hansının azarkeşisən?
- Heç birinin. Sevimli komandam “Mançester Yunayted”dir.
- “Keşlə”dən təklif alanda qərar vermək üçün neçə dəqiqə və ya saat düşündün?
- Düzünü desəm, “Keşlə” mənə ilk dəfə ötən yay təklif göndərmişdi. Lakin həmin vaxt Azərbaycana gəlməmişdim. Bu da İngiltərədə oynamaq və yaşamaq istəyimə görəydi. Çünki son 6 ili ailəmdən və doğmalarımdan uzaq qalmışdım. Sloveniyada oynadım, sonra Danimarkaya getdim, İsrail, İrlandiya... Və beləcə evimdən ayrı düşmüşdüm. Yayda istəyim İngiltərə klublarından biri ilə anlaşmaq idi. Hətta danışıqlarımız da olmuşdu. Nədənsə alınmadı. Yanvarda “Keşlə”dən növbəti təklifi alanda bəxtimi Azərbaycanda sınamağı qərara aldım.

- Müsbət cavab verəndə “Keşlə” ilə maraqlandın?
- Təbii ki.
- Elə isə, komandanın sonuncu uğurunun nə olduğunu deyə bilərsən?
- Ötən mövsüm ölkə kubokuna yiyələnib, Avropa Konfrans Liqasında iştirak etmişdilər. Əvvəlki illərdə də avrokuboklarda oynadıqlarını bilirəm.
- Təxminən 1 aydır Bakıdasan. Nəyə təəccüblənmisən?
- Bakının gözəlliyi, təmizliyi, işıqlı olması. Açığı, gəlməmişdən əvvəl müəyyən məlumatlar toplamışdım, amma belə olacağını gözləmirdim. Burada çox yaxşı futbol infrastrukturu var. Xüsusən də Bakı Olimpiya Stadionunun əzəmətli görünüşü. Stadionlar, qazonlar, işin təşkili... Bunları gözlərimlə görəndə, səmimi deyirəm, təəccübləndim.
- Bakı Londondan çox geri qalır?
- Deməzdim. Əksinə, çox oxşardır. Bir neçə ilə indikindən də gözəl olacaq. Xəzər dənizi paytaxtınıza bir başqa yaraşıq verir. Yeri gəlmişkən, “Formula-1” yarışına görə də Azərbaycanın adını eşitmişdim. Mənə bu yay yenə keçiriləcəyini dedilər. Planlar dəyişməsə, iyunda ailə üzvlərimi “Formula-1” üçün Bakıya dəvət etməyi düşünürəm.

- Təbii ki, mayda “Keşlə”dən ayrılmasan.
- (gülür) Əlbəttə.
- Karyerana baxıram, son 8 ildə 6 ölkədə top dalınca qaçıb, cəmi 9 qola imza atmısan. Yəni qolsuzluq problemi əvvəldən var səndə.
- Düz qeyd edirsiniz. Statistika baxımından bəxtsizliyim var. Bu da bilirsiniz nəyə görədir? Əvvəl oynadığım komandalarda cinah yarımmüdafiəçilərindən uzaq düşmüşəm. Yəni sistem elə olub ki, məcburən özüm pressinq edib, top alıb nəsə etməli olmuşam. Belə olduğu halda isə daha çox enerji sərf edirsən, vaxt və güc itirirsən. “Neftçi”ylə oyunda gördünüz, sırf hücumçu kimi oynayırdım və meydanın hər yerindən mənə ötürmə gəlirdi. Belədə qol epizodlarına girirdim. Mən cərimə meydançasında top istəyən hücumçulardanam. Fikrimcə, bu gedişlə “Keşlə”də işim rahat olacaq.
- “Keşlə” səni Bakıya dəvət edəndə, mətbuatda adın Natan Oduvadan çox “Tottenhem”in yetirməsi” kimi hallanırdı. Amma London təmsilçisinin əsas komandasında 1 oyuna belə çıxmamısan. Nə mane olub?
- “Tottenhem”in imkanlarını və büdcəsini yaxşı bilirsiniz. Daim mükafatçı yerlər uğrunda mübarizə apardığından, daha çox legionerlərə pul xərcləyirlər. Qiymətlərə baxırsan, 30-40, bəzən 50-55 milyon avro. Belə vəziyyətdə akademiyada yetişən gəncin əsas komandada möhkəmlənməsi çətinləşir. İndiki heyətə baxın, komandanın 70 faizi əcnəbilərdir. Əsas komandada 10 ingiltərəli olar, ya olmaz. Təkcə “Tottenhem”də belə deyil, böyük klubların çoxunda bu sistemdir. İnanılmaz istedada malik olmalısan ki, kimsə sənə əsas komandada şans versin.

- Əsas komandaya yaxın düşməyin heç cür mümkün deyildi?
- Mən əsas komandada olmuşam. Məşqlərdə iştirak etmişəm, toplantılarda oturmuşam. Hətta komanda ilə səfər oyunlarına da yollanmışam. Sadəcə, adım heç vaxt “18-liy”ə daxil edilməyib.
- Deməli, adlı-sanlı futbolçularla çiyin-çiyinə qaçmısan.
- Əlbəttə. Harri Keyn, Musa Dembele, Hüqo Loris... Çempionlar Liqasının finalında oynamış futbolçuların böyük əksəriyyəti ilə birlikdə məşq etmişəm.
- İndi onlarla əlaqən qalıb?
- Xeyr.
- Niyə?
- (davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ

