“Zirə”nin gözünü qorxutmayaq, amma... Təhlükə saçır!

18:00 Araşdırma 307
“Zirə”nin gözünü qorxutmayaq, amma... Təhlükə saçır!

“Zirə” növbəti avrokubok mövsümünə start verir.

İki il əvvəl analoji turnirin pley-off mərhələsinə qədər irəliləməyi bacaran təmsilçimiz bu dəfə də uğurlu olmaqda istəklidir.

İndiki vəziyyətdə görünən odur ki, “qartallar”ın mərhələ adlamaq şansı kifayət qədər realdır. “Torpedo Kutaisi”nin qonşu Gürcüstanı təmsil etməsi və avrokuboklarda cəmi bir dəfə Avropa Liqasında pley-offa qədər irəliləməsi azərbaycanlı futbolsevərlərdə inam yaradıb.

Lakin faktlara baxanda, xüsusən də Kutaisi klubunun səfər oyunlarındakı nəticələrinə diqqət yetirəndə, zirəlilərin işinin asan olmayacağı üzə çıxır.

“Torpedo” 2023-cü ildən bu yana, yəni əvvəlki 3 ildə avrokuboklarda mütəmadi iştirak edib.

2023/24 mövsümündə Konfrans Liqasına qatılan gürcülər 1-ci mərhələdə “Sarayevo”ilə qarşılaşıb. Kutaisidəki görüş 2:2 bərabərliklə başa çatıb. Bosniya və Hersoqovinadakı duel də heç-heçə qurtarıb – 1:1. Penaltilər seriyasında üstün olan (4:2) “Zirə”nin rəqibi mərhələni adlayıb.

2-ci mərhələdə “Torpedo”nun bəxtinə Qazaxıstan nəhəngi “Astana” düşüb. Gürcülər səfərdə 2:1 hesablı qələbəyə sevinsə də, doğma meydanda 1:4 hesablı məğlubiyyətdən qaça bilməyib.

2024/25 mövsümündə yenə Konfrans Liqasında mübarizəyə start verən “Zirə”nin rəqibi bu dəfə 1-ci mərhələdə “Tirana”nı üstələyib. Albaniyada 1:0 hesablı qələbənin ardınca Gürcüstanda qeydə alınan 1:1 “Torpedo”nu 2-ci mərhələdə “Omoniya”ya rəqib edib. Kiprlilər hər iki qarşılaşmada gürcülərə yerini göstərib – 2:1, 3:1.

2025/26 mövsümü, yenə Konfrans Liqası, yenə Qazaxıstandan olan rəqib və yenə “Torpedo” 1-ci mərhələni inamla dəf edib. “Ordabası”nı evdə 4:3 hesabı ilə nəğlub edən Kutaisi təmsilçisi səfərdə 1:1 hesablı bərabərliklə 2-ci mərhələdə yenə “Omoniya”ya rəqib olub.

Kiprlilər bu dəfə də amansız davaranaraq “Torpedo”nun qarşısını kəsib – 4:0, 1:0.

Statistikadan da göründüyü kimi, “Torpedo” kifayət qədər təhlükəli rəqibdir.

Son 3 ildə “Zirə”dən heç də zəif olmayan “Sarayevo”, “Tirana” və “Ordabası” kimi rəqiblərin keçilməsi gürcülərin gücündən və təcrübəsindən xəbər verir.

Digər fakt “Torpedo”nun səfər matçlarının hamısında rəqib qapılarına yol tapması və cəmi 2 oyunda məğlub olmasıdır.

Əminliklə demək olar ki, ciddi heyət dəyişikliyinə məruz qalan “Zirə”nin işi çox-çox çətin olacaq. Xüsusən bu axşam “qartallar” Sumqayıtda qələbə qazana bilməsə, bu cavab duelində “Torpedo”ya üstünlük verəcək.

Bu gün “SOCAR Polymer Arena”da keçiriləcək görüşün start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti