“Turan Tovuz”un UEFA-nın sanksiyası ilə üzləşməsində səbəbkarlardan çox “Zirə” günahlandırıldı.
Sanki vəziyyətin bu həddə çatmasını “Zirə” istəyib, qərb təmsilçisinin cəzalanmalı olduğunu UEFA-ya zirəlilər ötürüb və sair.
Və həmin “Zirə” ki, yeddi futbolçu ilə yollarını ayırmasına baxmayaraq, yalnız bir futbolçu – Amin Seydiyevlə güclənib.
Hazırkı durumda, tələm-tələsik şəkildə transferlər edəcək, hazırlıq keçəcək “qartallar”ın Konfrans Liqasında uğurlu çıxışla yadda qalacağı çox-çox çətin görünür.
Baş verən proseslərlə bağlı “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla söhbətləşmək qərarına gəldik.
43 yaşlı çalışdırıcı avrokuboklarda iştirakın “Turan Tovuz”un haqqı olduğunu deməklə yanaşı, tovuzlu azarkeşlərə səsləndi.
- “Turan Tovuz”un sanksiya ilə üzləşməsi xəbərini ilk dəfə eşidəndə reaksiyanız necə oldu?
- İlk dəfə eşidəndə çox təəccübləndim. Bizim üçün əsl gözlənilməzlik idi. Mövsüm başa çatandan sonra yay planlarımızı növbəti “futbol ili” üçün qurmuşduq. Gördüyünüz kimi, çox sayda futbolçularla yollarımızı ayırdıq. Məqsədimiz komandada köklü dəyişikliklər etmək idi. Qərarlarımız buna hesablanmışdı. Lakin sonda fərqli gedişat oldu.
- UEFA-nın verdiyi qərardan sonra “Turan Tovuz” İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi. Təxminən iki həftəlik müddətdə nəyə ümid edirdiniz?
- UEFA qərar çıxarana qədər şayiələr dolaşırdı. Lakin ali qurumun bəyanatından sonra məsələnin ciddiliyi bilindi. “Turan Tovuz” çıxarılan qərara etiraz olaraq İdman Arbitraj Məhkəməsinə müraciət etdi. Biz də hər bir azərbaycanlı kimi CAS-ın qərarının “Turan Tovuz”un xeyrinə olmasını arzulayırdıq. Çünki bu, “Turan Tovuz”un haqqı idi. Konfrans Liqasında “Turan Tovuz” iştirak etməliydi, buna layiq idi. Klubda görülən işlər, komandanın sərgilədiyi futbol və qazandığı nəticələr Avropada oynamağa haqq verirdi. Klub rəhbərliyi və məşqçilər heyəti, eləcə də futbolçular mövsümboyu çox əziyyət çəkmişdi. Təəssüf ki, vəziyyət belə alındı. CAS UEFA-nın qərarı təsdiqləyəndən sonra məcbur şəkildə 5-ci yerin sahibi kimi avrokuboklarda “Zirə” iştirak etməli oldu. Yenə deyirəm, “Turan Tovuz”un adına çox məyus olduq. Çünki tovuzlu azarkeşlər 32 ildən sonra bu günü həvəslə gözləyirdi. Və bu il çəkilən zəhmət bahasına bunu haqq etmişdilər. Təəssüf ki, 2019-cu ildə baş verən hadisəyə görə klub belə bir vəziyyətlə üzləşdi.
-Avrokuboklara vəsiqəsiz qalmaq daha ağır və çətin idi, yoxsa indiki vəziyyətdə “Torpedo” ilə oyunlara qədər hazır olmaq?
- Premyer Liqada sona iki tur qalmışa qədər mübarizə apardıq. Ölkə kubokunda final matçında uduzduq. Futbolçuların ortaya qoyduğu işdən rəhbərlik və məşqçilər heyəti olaraq məmnun idik. Bilirdik ki, rəqabətli çempionatda oynayırdıq. “Sabah”, “Qarabağ”, “Turan Tovuz” və “Neftçi” oynadıqları futbol və qazandıqları nəticələrlə vəsiqəni haqq etmişdilər. Büdcə, potensial və imkanlar baxımından “Zirə”dən zəif olan hansısa komanda bizi qabaqlasaydı, buna məyus olardıq. Öncəki iki mövsümü 2-ci yerdə başa vurduğumuzu nəzərə alıb, bu dəfə kənarda qalmağımızın xeyrimizə olacağını düşünürdüm. İstirahət etmək, düzgün seleksiya işi aparmaq və növbəti mövsümə səmərəli şəkildə hazırlaşmaq üçün yetərincə vaxtımız olacaqdı. Çünki növbəti mövsümdə bizi daha çətin rəqabət gözləyir.
- 7 futbolçu ilə yollar ayrılıb, bildiyimə görə, daha bir neçə nəfərin getmək ehtimalı var. 3 həftə ərzində lazımınca güclənmək mümkün görünür?
- Yollarımızı ayırdığımız futbolçulardan başqa bəzi oyunçularla müqavilənin uzadılması barədə danışıqlar davam edir. Bu yöndə işlər gedir. Avrokubok matçları öncəsi 8-9 futbolçunu itirmək bizim üçün ciddi hadisədir. Çalışacağıq ki, “Torpedo” ilə matçlara qədər heyəti gücləndirək. Hazırda bu istiqamətdə çalışırıq.
- Fors-major halı nəzərə alsaq, “Zirə”nin Konfrans Liqasının pley-off mərhələsinə qədər irəliləmək gücü və imkanı var?
- Söhbət avrokubok oyunlarından gedirsə, “bunu edəcəyəm, bura qədər gedəcəyəm” şəklində düşünməyi doğru hesab etmirəm. Hər bir oyuna, hər bir mərhələyə pillə-pillə baxmalıyıq. Əlbəttə, klubda olan hər bir şəxs qrup mərhələsinə yüksəlmək istəyir, bunun üçün çalışır. Baş məşqçi olaraq bu dəqiqə məni pley-off, yaxud qrup mərhələsi yox, “Torpedo” ilə Bakıdakı matç maraqlandırır. Nəyi necə etməliyik ki, üstünlük əldə edək, qələbə qazanaq və mərhələni adlayan tərəf olaq – hazırda qarşımda duran əsas sual budur.
- Rəşad Sadıqov olaraq “Zirə”ni qınayan tovuzlu azarkeşlərə nə demək istəyirsiniz?
- Qınaqlar haqda məlumatlı deyiləm. Həqiqətən belə bir qınaq varsa, demək istəyirəm ki, 2019-cu ildə “Turan Tovuz”a verilən cəza ilə bağlı bizim heç bir günahımız və iştirakımız yoxdur. Yenə deyirəm, klub rəhbərliyi, məşqçilər heyəti, ümumi “Zirə” klubu olaraq Konfrans Liqasında “Turan Tovuz”un iştirak etməsini istəyirdik. İllərdir avrokuboklarda çıxış edirdik, yaxşı oyunlarımız və nəticələrimiz olub, pley-offa qədər yüksəlmişik. Çox istərdik ki, kimin haqqıdırsa, o da getsin, ölkəmizi təmsil etsin, uğurlu nəticələrlə azarkeşlərini sevindirsin. UEFA 5-ci yerin sahibinə vəsiqə verirsə və həmin yerin sahibi “Zirə”dirsə, Konfrans Liqasında oynamağa məcburuq.
HƏBİB / SPORTİNFO.AZ

