Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın qapıçısı Rövşən Hüseynli sosial şəbəkə hesabında paylaşım edib.
35 yaşlı futzalçı özünün sosial şəbəkə hesabında bu sözləri yazıb:
“Çox sözlər, cümlələr yazıla bilərdi. Amma yenə də...
Təşəkkürlər, “Araz”, təşəkkürlər, milli”.
Rövşənin yığma komanda və uzun illər şərəfini qoruduğu klubla bu şəkildə vidalaşması boşuna deyil. Mütləq ki, özünə qarşı xoşagəlməz münasibət onu bu qərarı verməyə məcbur edib.
Hüseynli Sportinfo.az-a verdiyi müsahibədə yaşananları nəql edib.
- “Araz-Naxçıvan”da işlərin pis getmirdi. Birdən-birə nə baş verdi?
- Baş məşqçi Yevgeni Kekseviçlə söhbətimiz oldu. Mənə büdcənin yetərli olmadığını bildirdi. Ötən mövsümün əvvəlində - Qazaxıstanda oynadığım vaxt təkliflərim var idi. Qazaxıstanın “Astana” klubunda qapıçı və qapıçılarla işləyən məşqçiydim. Onlar mənə uzun müddətli yeni müqavilə təklif edirdilər. Söhbətimiz zamanı bunu “Araz”ın və millimizin baş məşqçisinə demişdim. Lakin o mənimlə tam başqa şərtlər və planlarla danışmışdı. Uzun müddətə hesablanmış perspektivli planın olduğunu söyləmişdi. Mən də planın cəlbedici olduğunu düşünüb, həm də ailə vəziyyətini göz önünə gətirib “Araz”a qayıtdım. Yekunda verilən sözlərə əməl olunmadı. Mən isə belə olacağını gözləmirdim.
- Belə başa düşdüm ki, söz verilən maaşı ödəməkdən boyun qaçırıblar.
- Ötən il “Araz”a gələndə maaşla bağlı danışıb, razılaşmışdıq. Geridə qalan dönəm üçün verilən vədlər yerinə yetirilib. Lakin növbəti mövsüm üçün danışığımız olanda, mənə eyni məvacibi verə bilməyəcəklərini söylədilər. Bildirildi ki, maaşın yüksəkdi deyə, səninlə vidalaşmalı, yerinə az pula oynayacaq, gənc qapıçı gətirməliyik.
- Keçən ilki danışığınızda növbəti mövsümün maddi şərtləri razılaşdırılmamışdı?
- Həmin vaxt baş məşqçiyə 4-cü ildir legioner kimi çıxış etdiyimi və bu şəkildə davam etmək istədiyimi demişdim. Özünü Azərbaycan çempionatına qayıdacaq formada hiss etmədiyimi də diqqətinə çatdırmışdım. Həqiqətən Qazaxıstanda qalmaq niyyətim var idi. Azərbaycan çempionatının səvyyəsi aşağıdır, televiziya çəkilişləri yoxdur. Üstəlik, övladlarımın tez-tez iqlim dəyişikliyi ilə üzləşməsini istəmirdim.
- Cavabı nə olmuşdu?
- Dedi, mən səni həm “Araz”a, həm də milli komandaya “1 nömrə” kimi dəvət edirəm. Razılıq belə olmuşdu ki, növbəti ildən, yəni növbəti mövsümdən etibarən yanıma gənc qapıçı gələcək, mən öz təcrübəmi onunla bölüşəcəm və biz bu şəkildə davam edəcəyik. Əl sıxıb yola çıxdıq. Çempionat başa çatandan sonra büdcənin yetərli olmadığı, mənim üçün nəzərdə tutulan maaşı ödəmək imkanında olmadığı deyildi.
- “Araz”ı başa düşdük, milli komanda ilə vidalaşmağın səbəbi nədir?
- Azərbaycan bayrağının altında iştirak edərək şanlı formanı geyinmək hər bir idmançının, hər bir vətəndaşın qürur yeridir. Bu gün baş məşqçi milli komandanın parçası olan Rövşən Hüseynliyə qarşı bu cür davranırsa...
Futzal yığmamızın son illərdə göstərdiyi nəticələrə baxın. 2016-cı ildə dünya və Avropa çempionatında qapıda dayanmışam 2018-ci ildəki Avropa çempionatı, “çərçivə”ni qorumuşam. 2022-ci ildəki Avropa çempionatında pandemiya səbəbindən 2 matçda çıxış edə bilmədim, özümü 3-cü oyuna çatdırdım və qələbə qazandıq. Sadəcə öncəki 2 yenilgiyə görə qrupdan çıxa bilmədik. Son illərdə millinin keçmiş baş məşqçisi Joze Alesio ilə münasibətlərimiz soyuq oldu deyə, millidən kənarda qaldım. “Araz”dan ayrıldığım dönəmdən bu yana komanda Çempionlar Liqasında uğurlu nəticə qazana bilməyib. Ötən il “Araz”a qayıtdım və Çempionlar Liqasında yaxşı nəticə əldə etdik. Bütün bunların fonunda mənə qarşı belə davranılırsa, mən də öz növbəmdə hansısa qərarlar verməliyəm, vərməliydim.
HƏBİB

