17 yaşında ümid verib, 25 yaşda futbola vida edən azərbaycanlı istedadın HEKAYƏSİ

14 İyun 22:55 Müsahibə 361
17 yaşında ümid verib, 25 yaşda futbola vida edən azərbaycanlı istedadın HEKAYƏSİ

Oğlanlar var, şərait yoxdur...

Bu cümlə sanki bizim futbolun boyuna biçilib.

İstedadlarımız olsa da, onları araya-ərsəyə gətirəcək meydanımız, şəraitimiz yoxdur.

Söhbət təkcə top qovmaq üçün lazım olan meydandan getmir.

Ümumi mənada meydanımız yoxdur...

Bura normal infrastrukturdan tutmuş yaxşı həkimi, ədalətli məşqçisi, psixoloqu və.s daxildir.

Boşluqlarımız çoxdur. Həmin boşluqda itən, yoxa çıxan gənclərdən biri də Məhəmməd Alıyev olub.

1992-ci təvəllüdlü Alıyev futbolun sirlərini Sumqayıtda öyrənib: "İlk müəllimi "Xəzər"də Hikmət Hüseynov olub. 13 yaşımdan sonra Tofiq Rzayevin rəhbərliyi altında məşqlərimi davam etdirmişəm. 17 yaşında ilk peşəkar müqaviləni "Standart"ın əvəzedici komandası ilə bağladım".

Burada qısa müddətdə özünü yaxşı tərəfdən göstərən istedadlı oyunçu rəhmətlik Böyükağa Hacıyevin diqqətini çəkə bilib. "Neftçi"nin unudulmaz məşqçisi onu əsas komandaya cəlb edib. Hər şey bu qədər əla yolunda gedirmiş.

Böyük karyera xəyalları quran 17 yaşlı gənc nə bilsin ki, Azərbaycan futbolunun böyük problemləri onu gözləyir. İlk zərbə "Standart"ın dağılması ilə dəyir. Yarası sağalmamış növbəti zərbə - hərbi xidmətə çağırış qapını döyür. Futbolçu MOİK-ə, "Ədiliyyə"yə yox, Goranboyun N saylı hərbi hissəsinə yollanır. Ayağı topdan uzaq düşən gənc 18 ay batinka gəzdirməli olur. Eynən bu gün də milli komandaların üzvləri MOİK-də futbol oynamaqla hərbi xidmətini çəkmək əvəzinə Kəlbəcərə, Goranboya göndərilir.

Aradan 15 il ötür, amma problem olduğu kimi qalır. Əksər gənclərdən fərqli olaraq Məhəmməd 18 aylıq ayrılıqdan sonra yenidən sevimli peşəsinə qayıtmaq qərarı verir. Nə qədər çətin, ağır olsa da.

"Açığı, hərbi xidmətdə olanda futbola qayıtmaq planım yox idi. Bunun çətin olacağını bilirdim. Çünki 18 ay topdan uzaq qalmaq çox böyük müddətdir. O yaşda əksinə, daha çox məşq etmək, çalışmaq lazımdır. Yenidən futbola qayıtmağımda birmənalı olaraq dostlarım Elvin, Yəhya və İbrahim böyük rolu oynayıb. Məni inandıra bildilər ki, sən bacararsan. Böyük inad, israrları nəticə verdi və mən geri qayıtdım".

Beləcə yaxşı dostların sayəsində yenidən böyük futbola qayıdış baş tutur. Hərbi xidmətdən qayıdan gənc cəmi 1 ay sonra məşqlərə start verir.

Sumqayıtda tanınan uşaq məşqçilərindən olan Baba Əsgərovun hazırladığı fərdi məşq proqramı ilə 2 ay intensiv məşqlər edir.

Ardınca Əsgərovun məsləhəti ilə "Simurq" klubuna yollanır. Zaqatala təmsilçisi ilə peşəkar müqavilə imzalanır. Öncə əvəzedici, qısa müddət sonra əsas komandada forma geyinir. "Simurq-2"nin gümüş medal qazanmasında xidmətləri olur.

Özünü yaxşı tərfdən göstərən Alıyev cəmi 1 il sonra Kamal Quliyevin istəyilə hədəfi Premyer Liqaya yüksəlmək olan. "Neftçala" klubuna transfer olunub.

Ardıcıl iki il Birinci Liqanın çempionu olan "Neftçala"ın əsas fiqurlarından birinə çevrilib. Amma işləməyən reqlament yenidən Premyer Liqaya qayıtmaq arzusunu puç edir.

Klub elitaya buraxılmasa da Məhəmməd özü oyunu ilə bunu əldə edir.

Bu dəfə yetirməsi olduğu "Sumqayıt"dan gələn dəvətlə doğma şəhərinə qayıdır. Amma cəmi 3 ay sonra müəyyən səbəblərdən qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilir. Məhəmməd digər Premyer Liqa təmsilçisi "Rəvan"a keçir. Millimizin sabiq üzvü Emin Quliyevin baş məşqçisi olduğu Bakı klubunda 1 mövsüm keçirir.

Davamında qısa müddət MOİK və "Qaradağ Lökbatan"da forma geyinir. 2017-ci ildə yeni yaranan, böyük planları olan "Sabah"ın qurulan ilkin heyətində o da yer alır. Arif Əsədovun güvəndiyi yarımmüdafiəçi hətta "Bayquşlar"ın tarixində ilk qolunun müəllifi kimi yadda qalır.

Yaxşı performansı ilə diqqətləri üzərinə çəkən Alıyev 2018-ci ildə yenidən "Sumqayıt"a qayıdır. "Kimyaçılar"ın böyük ümidlərlə heyətə qatdığı gənc oyunçu Türkiyədə keçən yeni mövsümün hazırlıqlarında iştirak edir.

Formada olduğu, liqada adından söz etdirməyə hazırlaşdığı məqamda aldığı xəbər karyerasını alt-üst edir. Çox sevdiyi anası dünyasını dəyişir. Aldığı ağır xəbərdən sonra toplanışı yarımçıq qoyub evə qayıdır. Psixoloji baxımdan heç cür toparlana bilmir. Bir müddət tamamilə futboldan uzaqlaşır. Yenə dostlarının sayəsində tədricən toparlana bilir.

Düzdü, yenidən peşəkar futbola qayıtmaq mümkün olmur. cəmi 25 yaşında peşəkar karyerasını bitirməli olan Alıyev məşqçi kimi sevimli sahəsinə dönür. Artıq 6 ildi Sumqayıt Futbol Akademiyasında məşqçi kimi çalışır.

Qısa müddətdə şəhərin futbol ailəsində özünü yaxşı tərəfdən göstərə bilib. Əbəs deyil ki. bu gün ölkənin ən yaxşı təməl məşqçilərindən biri sayılır. Hədəfləri isə böyükdür:

"Əlbəttə, çox istərdim ki, peşəkar futbol karyeram daha uğurlu olsun. Amma qismət belə gətirdi. Nə demək olar? Xeyrlisi Allahdan. Demək ki, məsləhət belə imiş. Həyat davam edir. Məşqçi kimi futbolda yoluma davam edirəm. Məqsədim istedadlı oyunçuları Azərbaycan futboluna qazandırmaqdır. Təməl qrupunda işləmək həm çətindir, həm də xoş. İşimdən zövq alıram".

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!