Misir və Mərakeş futbolunda məşqçilərin maariflənməsi digər Afrika ölkələrinə nisbətən daha yüksək səviyyədədir.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "Kəpəz"in məşqçisi Etibar İbrahimov açıqlama verib.
Nigeriyada məşqçilər üçün seminarlar keçən 51 yaşlı mütəxəssis Afrika təmsilçilərinin davam edən dünya çempionatındakı çıxışı barədə fikirlərini bölüşüb:
"Afrikada bəzi seleksiya işlərində də yaxından iştirak etmişik. Orada olduğum müddətdə başa düşdüm ki, niyə Misir və Mərakeş kimi yığmalar mundialda uğurlu çıxış edirlər. Çünki orada məşqçilərin maariflənməsi daha yüksək səviyyədədir. Ancaq təəssüf ki, böyük potensiala malik Qərbi Afrikada bununla və infrastrukturla bağlı problemlər var. Düşünürəm ki, bu səbəbdən uğur qazana bilmirlər".
E.İbrahimov Qərbi Afrika ölkələrinin DÇ-2026-da yaxşı nəticələrinə ümid etsə də, gözləntilərinin doğrulmadığını sözlərinə əlavə edib:
"Seneqal, Qana, Fildişi Sahilindən daha yaxşı nəticə gözləyirdim. Nəzərə alaq ki, Afrikanın 10 komandası mundialda çıxış edirdi. Onlardan 9-u qrup mərhələsini adlaya bildi. Bu isə bir ilk oldu. Müəyyən komandalar 1/16 finalda mübarizəni dayandırdılar. 1/8 finalda isə cəmi iki yığma qalmışdı. Misir kollektivi Argentina ilə dueldə qələbəyə yaxın idi. Lakin görüşün sonunda buraxdığı qollarla məğlub oldu. Argentinanın heyətində ulduz oyunçular var. Amma Misir də yaxşı heyətə malikdir və çox gözəl çıxış edirdilər, rəqibdən geri qalmırdılar. Mərakeş son illərdə xüsusi inkişaf proqramları olduğu üçün uğurlar qazanır. Hara qədər irəliləyəcəklərini təxmin edə bilmirəm. Amma növbəti turnirdə bundan da yaxşı nəticə göstərəcəklər. Onların aşağı yaş qruplarından ibarət komandası dünya çempionu olub. Növbəti nəsil həqiqətən daha yaxşı çıxış edəcək".
Mütəxəssis Afrikada futbolla bağlı müəyyən işlərin və layihələrin qurulduğunu diqqətə çatdırıb:
"Məncə, bir neçə ildən sonra Afrika təmsilçiləri aparıcı komandalara daha çox başağrı olacaqlar və gözəl nəticələr qazanacaqlar".
DÇ-2026 iyulun 19-da başa çatacaq.

