Konfrans Liqasındakı iki təmsilçimizdən biri – “Zirə” avrokubok mübarizəsinə başlayır.
Qəsəbə təmsilçisi sözügedən turnirin 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kutaisi “Torpedo”sunu qəbul edəcək.
Zirədə məlum qarşılaşmaya hədsiz maraq var.
Bir qrup azarkeş klub rəhbərliyinə müraciət edərək Sumqayıtdakı oyunu canlı izləmək istədiklərini bildirib.
Söhbət 400-ə yaxın tərəfdardan gedir. Onlar Zirə ilə Sumqayıt arasındakı məsafə uzaqlığını nəzərə alaraq klub rəhbərliyindən avtobusların ayrılmasını xahiş edib.
“Zirə” rəsmiləri müraciəti cavabsız qoymayıb. Azarkeşlərə bildirilib ki, matç günü 300-400 nəfərin Sumqayıta aparıb-gətirilməsi üçün nəqliyyat vasitələri ayrılacaq.
Artııq bununla bağlı aidiyyəti şirkətə məlumat verilib.
“Zirə” – “Torpedo” görüşünün biletləri satışa çıxarılıb. Qiymətlər 5-50 manat aralığında dəyişir. Biletlər Zirə İdman Kompleksində və “Azfar”ın “Baku Arena” filialında satılır.
İyulun 8-də “SOCAR Polymer Aena”da gerçəkləşəcək duelin start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

