"Bu adamları futboldan uzaqlaşdırmaq lazımdır" - SƏRT ÇAĞIRIŞ!

17 May 22:55 Müsahibə 244
"Bu adamları futboldan uzaqlaşdırmaq lazımdır" - SƏRT ÇAĞIRIŞ!

"Zirə" Futbol Akademiyasının koordinator köməkçisi Bəhram Şahquliyev Sportinfo.az-a müsahibə verib.

Təcrübəli futbol mütəxəssisi hazırda çalışdığı akademiyada görülən işlərdən və ümumiyyətlə uşaq futbolumuzdakı problemlərdən danışıb.

O, söhbət əsnasında bir çox önəmli məqamlara toxunub.

- "Zirə" akademiyasında son vəziyyət necədir?

- Hər şey qaydasındadır. Vəziyyətə, şəraitə görə əladı deyə bilərəm. Koordinatorumuz Zaur Həşimovdur. Maşallah, çox yaxşı nizam-intizam qurub. Məşqlər yerində, məşqçilər yerində. Əlimizdə olan imkanlarla maksimum iş görməyə çalışırıq.

- Daha bir mövsüm arxada qalmaqdadır. Akademiya komandalarının nəticələri sizi qane etdi?

- Digər klublarla müqayisədə şəraitimizə görə nəticələri qənaətbəxş hesab etmək olar. Klub da akademiyanın fəaliyyətindən razıdır.

- Liqaların keçirildiyi şərait necədir? Məsələn, bir mütəxəssis kimi sizi qane edir?

- Açığı, şərait bundan daha yaxşı olsa sevinərdik. Meydançalarla bağlı sıxıntı var. Yaxşı yerli futbolçular, milli komandaların güclənməsini istəyiriksə akademiyalara fikir vermək lazımdır. Yenə gəlirik meydanların vəziyyətinə. Bəzən iki komanda eyni anda bir meydançada məşq edir. Məşqi balaca meydanda, oyunu ölçüsü böyük meydanda keçirmək düz gəlmir. Təsir göstərir. Uşaq komandaları üçün meydaçalar yoxdur. Olanlar da sünidir, keyfiyyəti aşağıdır. Belədə zədələr çoxalır. Problemlər daha çox meydançalardan başlayır. Hələ digər problemlərə keçmirəm.

- Sizin dövrdə də şərait yox idi. Amma indikindən daha yaxşı, xarakterli futbolçular yetişirdi...

- Bəli, 100% düz qeyd edirsiniz. Bununla da razıyam.

- Səbəb nədir?

- Hazırda sosial şəbəkələr uşaqların başını çox qatır. Nə rahat yatırlar, nə də normal rejimləri var. Valideynlər də əksər vaxt nəzarət eləmir. Məşqlər də çox ağır keçir. Uşaq məktəbdən evə gedir, tələsik yeməyini yeyib məşqə gəlir. Normal dincəlməyən, qidalanmayan uşaq məşqdə də normal hazırlıq keçə bilmir. İndiki uşaqlar fərqlidir.

- Normal yuxu rejimi, normal qidalanmaq idmançı üçün vacib detallardır. Normal akademiyalarımız olsa, məşqçilər üçün da uşaqların gündəlik həyatına nəzarət etmək daha asan olmazmı?

- Tam razıyam. Dövlət proqramı olsa yaxşı olardı. Hər zonada akademiya yaradılmalıdır. Qusardan nə qədər futblçu çıxıb. Şimalda başqa rayonlarımız da var. Şimal zonası üçün bir akademiya nəzərdə tutmaq olar. Naxçıvanın 5 rayonu var. Orada da bir akademiya mütləq fəaliyyət göstərməlidir. Cənubda, Qərbdə bunları yaratmaq lazımdır. Bu gün 3 yerdə işləyən məşqçilərimiz var. Niyə belə olmalıdır? Niyə bir məşqçi işdən sonra rahat dincəlməli deyil? Məşqçinin iki yerdə çalışması biabırçılıqdır. Həmin məşqçilər istəsə də istəməsə də bir yerdə işləyib, digərində yola verəcək. İl boyu iki yerdə eyni güclə işləmək mümkün deyil. Bu da candır, istirahət lazımdır. Belə şəraitdə hansı futboldan, hansı inkişafdan danışmaq olar? Problemlər çoxdur. Məşqçi bir komandada çalışar, normal maaş alar və tələbləri olar. Bu gün futbolda futbola aidiyyəti olmayan adamlar çalışır. Futboldan bilən də bilməyən də danışır.

- Çıxış yolunu nədə görürsüz?

- Buna bir ümumi nəzarət lazımdır. Sistem olmalıdır. Qonşu ölkələrdən nümunə götürmək lazımdır. Qonşu Gürcüstan və ya Özbəkistan özü necə qabağa gedir? Bizdən niyə öndədirlər? Səbəblər nədir? Hamı futboldan danışır, hamı inkişaf yoxdur deyir. Bunu kim etməlidir? Özümüz etməliyik də. Danışmaq yox, əməl etmək lazımdır. Deyəcək çox şey var. Detallar çoxdur. Futboldan kənar adamları futboldan uzaqlaşdırmaq lazımdır. Futbolu sevən, vicdanı olan, vətənə, millətə bağlı insanlar futbolun başında olmalıdır. Sistem qurulmalıdır. Həm AFFA-da, həm də klublarda futbola gəlir mənbəyi, obyekti kimi baxan adamlar var. Belə adamlarla futbol olmayacaq. Yavaş-yavaş təmizləmək lazımdır. Bundan sonra məqsədə doğru addımlamaq olar.

- Bu qədər problemlərin fonunda legioner limitinin ləğvi akademiyaların işinə necə təsir etdi?

- Bu gün əksər akademiyalar olmasının tək səbəbi lisenziya şərtlərinin olmasıdır. AFFA-dan belə tələb olmasa, sabah klubların bir çoxu akademiyasını ləğv edər. Bu gün sadəcə akademiya adı var. İş düzgün qurulubmu, iş gedirmi? Burdan başlayır futbol. Həqiqətən futbol istəyiriksə, bu şeylərə diqqət etmək lazımdır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR