"Qarabağ"ın kapitanı: "Azarkeşlər bizimlə fəxr edəcəkləri bir komanda görəcəklər"

22:55 Müsahibə 126
"Qarabağ"ın kapitanı: "Azarkeşlər bizimlə fəxr edəcəkləri bir komanda görəcəklər"

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası AFFA Gənclər Liqasının qalibi olub. Klub buna 2025-2026-cı illər mövsümünün son turunda nail olub.

2-ci mərhələdə A qrupunda mübarizə aparan "Qarabağ" 10-cu turda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 25-ə çatdırıb. Bununla da 1-ci yeri tutaraq Azərbaycan çempionu adına sahib çıxıb.

"Qarabağ"ın U-19 komandası ölkəmizi 2026/27 mövsümündə UEFA Gənclər Liqasının Çempionlar yolunda təmsil edəcək.

Sportinfo.az-a müsahibə verən komandanın kapitanı Əli Qazıbəyev həm çempionluq barədə danışıb, həm də digər suallarımıza cavab verib.

- İlk öncə çempionluq təəssüratlarını bölüşərdin. Necə hisslərdir?

– Sadəcə, möhtəşəm hissdir. Komandamla qürur duyuram. Bu, ən vacib liqadır. Çempion olan komanda UEFA Gənclər Liqasında iştirak edir.

- Buna "Neftçi" üzərində qazanılan çətin qələbə ilə nail oldunuz. Son görüş barədə nələr deyə bilərsən?

- Oyundan əvvəl cədvəldə birinci yerdə idik. Çempionluq üçün bizə sadəcə bir xal bəs edirdi. Amma biz oyuna heç-heçə üçün yox, çempion komandaya yaraşan şəkildə qələbə qazanmaq üçün çıxmışdıq. Rəqibimizin "Neftçi" olması da bizə əlavə motivasiya verirdi. Şükürlər olsun ki, həm qələbə, həm də çempionluq bizim oldu. Oyun çox maraqlı keçdi. Hər iki komanda istəkli idi, əsl derbi ab-havası var idi. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı qarşılaşma alındı.

- Ümumi mövsüm sizin üçün necə keçdi? İlk gündən çempion olacağınıza inam var idi?

- Ümumilikdə çox yaxşı mövsüm keçirdik. Həm liqada, həm də UEFA Gənclər Liqasında iştirak edirdik. Düşünürəm ki, UEFA Gənclər Liqasında qazandığımız təcrübənin bu çempionluqda böyük rolu oldu. Mövsümün ilk günündən özümüzə çempionluq hədəfi qoymuşduq və buna inanırdıq. Şükürlər olsun ki, məqsədimizə çatdıq.

- Meydançaların vəziyyətinin ürəkaçan olmaması çox danışılır. Meydançada olan biri kimi bu barədə nələr deyə bilərsən?

- Heç də ürəkaçan vəziyyət deyil. Ən başda Tovuzun meydançasını qeyd edərdim. Sadəcə gedib görmək lazımdır. Orada nəinki futbol oynamaq, hətta qaçmaq belə çətindir. "Neftçi"nin meydançasının vəziyyəti də çox pisdir. Eyni sözləri "Zirə"nin meydançası haqqında da deyə bilərəm. Elə bil buzun üstündə oynayırıq, hamı sürüşür. Azərbaycan futbolunun inkişaf etməsini istəyiriksə, bu stadionlarla bağlı ciddi tədbirlər görülməlidir. Belə olmaz.

- Bir qədər də özün barədə danışaq. Ardıcıl üçüncü dəfə ilin oyunçusu seçildin. Nələr deyə bilərsən?

- Bəli, ardıcıl üçüncü dəfə ilin oyunçusu seçildim. İlk növbədə komandama və məşqçilərimə təşəkkür edirəm. Onların da əziyyəti böyükdür. Keçən il də məndən müsahibə alanda bu barədə sual vermişdiniz. Mən də demişdim ki, evə gələndə atam mənə bununla kifayətlənməməli olduğumu söylədi. Bu il də eyni söhbət oldu. Atam dedi ki, üçüncü dəfə də bu ada layiq görülməliyəm. Şükürlər olsun ki, buna nail oldum.

- Bəs yaxın gələcəkdə "Qarabağ"ın əsas komandasında səni görə bilərik?

- İnşallah. Gələn mövsüm üçün ən böyük hədəfim əsas komandada debüt etməkdir.

- Əli, son 3 ildə "Qarabağ" akademiyasında yüksəliş açıq şəkildə hiss olunur. Nə dəyişdi ki, nəticələr yaxşılaşdı?

- Əsasən komandamıza baş məşqçi Rəşad Sadıqovun və köməkçisi Səbuhi müəllimin gəlişi böyük rol oynadı. Artıq üç ildir birlikdə çalışırıq. Çox gözəl işlər görürlər və çox yaxşı kollektiv formalaşdırıblar. Bu da nəticələrdə özünü göstərir. Üç ildir çempionluq uğrunda mübarizə aparırıq. İki dəfə ikinci olmuşuq, bu il isə çempion olduq. Rəşad müəllimdən öyrənəcəyim çox şey var. Həqiqətən də çox yaxşı məşqçidir. Hər ikisinə təşəkkür edirəm.

- Bu komandanın bir neçə üzvü həm də U-20 millisinə dəvət alır. Portuqaliyalı baş məşqçi ilə bağlı düşüncələrin necədir?

- Portuqaliyalı məşqçi haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. Çox təcrübəli və yaxşı mütəxəssisdir. Onun təcrübəsindən maksimum yararlanmağa çalışmalıyıq.

- Azarkeşlər dünya çempionatında sizdən nələr gözləsin?

- Azarkeşlər bizimlə fəxr edəcəkləri bir komanda görəcəklər. Əlimizdən gələni edəcəyik ki, hamı bizimlə qürur duysun.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA