Milli komandanın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.
Bildiyiniz kimi təcrübəli mütəxəssis başa çatan sezon yığma ilə bərabər, "Şamaxı" klubunu da çalışdırırdı.
Amma biz onunla nə bölgə klubu, nə də yığmanın son durumu barədə danışdıq.
Həmsöhbətimiz sırf geridə qalan mövsümü dəyərləndirib.
Premyer Liqada baş verən dəyişikliklər, legioner limitinin ləğvi, klubların siyasəti və yerli futbolçuların durumu barədə danışıb.
- Ayxan müəllim, geridə qalan mövsümü necə qiymətləndirirsiniz?
- Bu mövsümü fərqləndirən əsas məqamlardan biri komanda sayının artması idi. Birinci Liqadan 3 komanda birbaşa elitaya yüksəldi. Bu səviyyəyə necə təsir edəcəyi ilə bağlı suallar yaradırdı. Digər fərq legioner limitinin ləğvi oldu. Ümumilikdə maraqlı çempionat keçdi. Mən istəyərdim ki, daha gərgin olsun və intriqa son turlara qədər davam etsin. Təəssüf ki, son 4 turun əksər oyunlarının əhəmiyyəti qalmadı.
- Liqanın inkişafı baxımından əsas çatışmazlıqlar nələrdir?
- Bəzi meydançaların durumu, işıqlandırma sisteminin olmaması səviyyəyə mənfi təsir edir. Bu səbəblərdən bəzən istədiyimiz temp olmadı. Bunlar düzəlsə, daha maraqlı çempionatımız olar.
- Liqanı daha yadda qalan edən hansı hadisələr oldu?
- Liqanı fərqli edən amillərdən biri çempionun dəyişməsi idi. "Qarabağ"ın uzun illər davam edən hegemonluğuna "Sabah" son qoydu. Həmçinin "Kəpəz" və "Qəbələ" arasında pley-off uğrunda gedən gərgin mübarizəni qeyd etmək olar.
- Legioner limitinin ləğvi çempionata necə təsir etdi?
- Məncə, çempionluq yarışına böyük təsiri oldu. Amma digər tərəfdən baxsaq, 12 legioneri olan "Karvan-Yevlax" liqadan düşdü. Bu göstərir ki, 12 legioner gətirmək liqada qalmağın qarantı deyil. Əsas məsələ düzgün seleksiyadır. Azər Bağırovun gəlişindən sonra "Kəpəz" bir neçə əcnəbini göndərdi. Əsas heyətdə 5-6 legionerlə oynayıb hədəfinə çatdı. Legionerin sayı yox, səviyyəsi önəmlidir. "Araz-Naxçıvan" və "Sumqayıt"ın da heyətində çox legioner vardı, amma avrokuboklara vəsiqə qazana bilmədilər.
- "Sabah"ın çempionluğunda legionerlərin rolu nə qədər idi?
- Çox. Yeni gələn əcnəbilər komandaya böyük güc qatdı. Nəticədə "Sabah" "Qarabağ"dan üstün oldu.
- Gənc futbolçuların oynaması barədə fikirləriniz necədir?
- "Qəbələ", "Şamaxı" və "Sumqayıt" gənclərə ən çox şans verməklə seçildilər. Bununla qazanc da əldə edə bildilər. Deməli, əlavə stimul var. Klublar öz fəlsəfəsini düzgün seçməlidir.
- Yerli futbolçular üçün artan rəqabət nəyi dəyişdi?
- Bəzi yerli oyunçular klublarında rahat idi. Klub məcbur qalıb müqaviləni artırırdı, amma indi vəziyyət dəyişib. Oynamayan futbolçular klubu tərk etdilər. Onların əsas məqsədi meydanda olmaqdır. Amin Seydiyev, Nicat Mehbalıyev daha çox oynamaq üçün çempion komandanı tərk etdilər. Bu, hamımızı sevindirir.
- Bəs hansı futbolçular rəqabətdən faydalandı?
- Emil Səfərov "Neftçi"də rəqabətə düşüb möhkəmləndi. "Turan Tovuz"da Rəhim Sadıxov və Ayxan Hüseynovla bağlı da eyni şeyi demək olar. Bəzi oyunçular yerlərini itirdilərsə, deməli, daha məsuliyyətli olmalıdırlar.-
XANOĞLAN İMANOV

