I Liqa uğrunda pley-off matçında “Şimal” “Qaradağ-Lökbatan”ı üstələməyi bacardı.
İkinci hissənin gedişində lökbatanlılar hesabı açmağa müvəffəq olmuşdusa, oyunun başa çatmasına dəqiqələr qalmış Xaçmaz təmsilçisi 2 qol vurub I Liqadakı yerini qorudu.
Oyun başa çatandan sonra “Şimal” rəsmilərinin sevinci yerə-göyə sığmırdı. Məhdud büdcə ilə mübarizə aparan kollektivin hər bir rəsmisi özünü çempion kimi hiss edirdi ki, bu da anlaşılandır.
Belə məqamda klubun həmtəsisçisi və prezidenti Qılman İbrahimovla söhbət etmək yerinə düşdü.
- Bərabər səviyyədə keçən oyunun heç-heçə başa çatacağını təxmin etdiyimiz halda, “Şimal” qələbəyə sevindi. Sizcə, nəyin hesabına?
- Bu tip oyunlarda, yəni bir matçdan ibarət qarşılaşmalarda əsas rolu mübarizlik və inadkarlıq oynayır. Bəzən baxırsan ki, statusuna görə zəif olan komanda güclü rəqibi üzərində qalib gəlməyi bacarır. Portuqaliya kubokunun builki final qarşılaşmasını nümunə göstərə bilərik (həlledici oyunda “Torreense” “Sportinq”i 2:1 hesabı ilə məğlub edib – H.). Bu gün də II Liqa komandası “Qaradağ-Lökbatan” qələbə qazana bilərdi. Lakin futbolçularımız buraxılan qola görə ruhdan düşmədi, inadkarlıq göstərdi və lazım olan qolları vurdu.
- Rəqib hesabı açandan sonra sonluğu necə təsəvvür edirdiniz?
- Ən yaxşısına ümid edirdim. Başa çatan mövsümü 9-cu pillədə başa vurmağımızın başlıca səbəbi məhsuldarlığın aşağı olmasına görəydi. Çempionatda ən az qol vuran komanda “Şimal” oldu. Bu faktı nəzərə alaraq qol və ya qollar vurub oyunu xeyrimizə dəyişməyin mümkünlüyü çətin görünürdü. Şükürlər olsun ki, hər şey bizim üçün yaxşı qurtardı.
- “Qaradağ-Lökbatan”ın heyətində təcrübəli futbolçular yer alıb, üstəlik, şəraitinə görə hətta I Liqada ən yaxşılardandır. Bunları nəzərə alıb rəqibdən ehtiyat edirdiniz?
- Futbolçularımız gənc olsalar da, fiziki cəhətdən hazırlıqlı və sürətlidirlər. Oyunda da görünürdü ki, fiziki hazırlıq baxımından “Qaradağ-Lökbatan”ı üstələyirik. Gəlin, açıq danışaq. “Qaradağ-Lökbatan” II Liqada mövsümboyu neçə dəfə gərgin oyun keçirib? Deyək ki, “Xankəndi” və “Quba” ilə görüşlər ağır olub. Digər oyunlarda 8:0, 7:2, nə bilim, 9:1 hesabı ilə qələbə qazanıblar. Bir komanda 27 oyunda 105 qol vurubsa, deməli, əksər matçlarda gəzə-gəzə qalib gəliblər. Biz isə mövsümboyu dayanmadıq, bütün oyunlar bizim üçün finala bərabər dərəcədə gərgin keçdi, daim pressinq altında olduq. Ona görə də fiziki cəhətdən biz daha hazır idik və sona qədər mübarizə aparmağı bacardıq.
- Yeni sponsorun gəlişi, maddi vəziyyətin yaxşılaşması ehtimalı var? Yoxsa növbəti mövsümdə yenidən eyni statuslu “Şimal” görəcəyik?
- Fantaziyalarla yaşamırıq, reallıqla ayaqlaşırıq. Mövsümlük planlarımızı real duruma uyğun qururuq. Bizim əsas problemimiz stadionla bağlıdır. Ev oyunlarımızı Şamaxıda keçirirdik deyə, mövsümboyu bütün matçları səfərdə keçirdik. Hər həftə müxtəlif bölgələrə gedib-qayıtmaq, qidalanmaq müəyyən vəsait tələb edir. Hər nə qədər qəribə olsa da, öz rayonumuzda bizi və komandamızı tanımayan adamlar var. Niyə? Çünki bizi rayonda görmürlər.
- Belə başa düşdüm ki, sponsor məsələsində yenilik yoxdur.
- Ciddi bir irəliləyiş yoxdur. Klubun mənimlə birlikdə həmtəsisçisi olan iş adamı var, onun da gücü müəyyən məbləğə çatır. Tək bir adamla klub saxlamaq çətin məsələdir.
- Biznesmenlərin iş metodu bəllidir – 5 manat qoyub, 10 manat gəlir əldə etmək. Ola bilərmi futbolda qazanc sahibi olmağın mümkünsüzlüyünə görə geri çəkilirlər?
- Bu da ola bilər. Hardasa ağlabatandır.
- Növbəti mövsümdə rəqiblərinizi hansı stadionda qəbul edəcəksiniz?
- Şamaxı Olimpiya Kompleksi alternativ variant kimi nəzərimizdədir. Lakin istəyimiz Xaçmaza daha yaxın olan stadiondan yararlanmaqdır.
- Bakıdakı stadionlardan biri? Yaxud Siyəzəndəki meydan?
- Düşündüyümüz variantlardan biri Binə qəsə stadionu olmuşdu. Götür-qoy edəndə məlum oldu ki, Xaçmazdan Şamaxıya gəlmək Xaçmazdan Binəyə getməkdən daha sərfəlidir. Biri var ,düz yol gəlirsən, biri də var, saatlarla Bakının tıxaclarında qalırsan.
- Xaçmaz Olimpiya Kompleksinin meydanının ölçüləri bildiyimə görə, standartlara cavab vermir.
- Meydanın ot örütüyünü süni örtüyünə çevirib, ölçüləri qaydasına salmaq böyük vəsait tələb edir. Bu gün üçün real deyil.
HƏBİB / SPORTİNFO.AZ

