Šaunuolis, Valdai! Už tai – penketas!

23:00 Sabah 244
Šaunuolis, Valdai! Už tai – penketas!

Sərlövhədə yazılanlar “Sabah” – TNS qarşılaşmasını izləyən litvalıların 90 dəqiqənin bitimində öz dillərində işlətdiyi cümlə idi.

Azərbaycan dilinə tərcüməsi “Əhsən, Valdas, sənə yağlı bir “5”dir.

Kim nə deyir desin, mənə görə “Sabah”ın qələbəsini futbolçular yox, baş məşqçi qazandı. Vurulan qollardakı imzanı dəyişmək mümkün olsaydı, Valdas Dambrauskas dubl müəllifi kimi tarixə düşəcəkdi.

Britaniyalılara qarşı onların öz üslubunda – “ikinci mərtəbə” ilə oynamaq həm böyük risk, həm də dərin analiz qabiliyyəti tələb edirdi. “Sabah”ın baş məşqçisi rəqibi lazımınca təhlil edərək oyunu cinah hücumları və asmaları üzərində qurmuşdu.

9-10 nəfərlə müdafiə olunan TNS-in arxa xəttini yerlə və ara ötürmələri ilə yarmaq mümkün deyildi. Heç olmayacaqdı da. Həm sıx müdafiə olunur, həm də fiziki hazırlıq baxımından inamlı görünmələri “tələbələr”in mərkəzdən hücum qurub, təhlükə yaratmaq planını heçə endirəcəkdi.

Valdas nə etmişdi? Futbolçularına dayanmadan cərimə meydançasına asma etməyi tapşırdı. Britaniyalılara qarşı hava ötürmələri. Təsəvvür edə bilirsiniz?

Həm də hücumun sivri ucunda ucaboy və başla oynamağı yaxşı bacaran Pavol Şafranko, yaxud Patrik Mbina yox, əsasən ayaqlarını işə salmağı xoşlayan Coy-Len Mikels yer almışdı. Asmalar zamanı cərimə meydançasına daxil olan Velko Simiç, Aleksey İsayev, Aaron Maludanı da hava toplarının ustası adlandıra bilmərik.

Lakin hədəfə çatmaq mümkün oldu. Məhz kornerdən ötürülən topu heç kimin gözləmədiyi halda Simiç başla qapıdan keçirdi.

Bəs ikinci qol? Kahim Parris cəmi bir neçə dəqiqə əvvəl meydana daxil olmuşdu. Dambrauskas sanki onu gizli silah kimi yanında saxlamışdı ki, vaxtını gözlə, mən deyəndə döyüşə atılarsan.

Topla rəftara daha çox meyillənən Aaaron Maludadan fərqli, Kahim “açılmağı” və tək toxunuşlu zərbələri sevdiyindən, ikinci qolu özü yaradıb, özü də başa çatdırdı. Simiçin ideal ara ötürməsinə isə sənət əsəriydi. Əvəzetmə özünü artıqlaması ilə doğrultdu.

49 yaşlı litvalı çalışdırıcı məşqçi bacarığını Avropada da ortaya qoymaqla “Sabah”ı hansısa tunirin qrup mərhələsinə daşıyacağına açıq mesaj verdi.

Cari mövsümdə ilk oyun, isti hava şəraiti, rəqibin böyük qüvvə ilə müdafiə olunması, Çempionlar Liqasının ağırlığından doğan həyəcan – bu və digər amillərə baxmayaraq, “Sabah” Uels təmsilçisinin qapısından 2 cavabsız top keçirməyi bacardı.

Cavab oyunu Azərbaycan çempionu üçün daha rahat və məhsuldar alınacaq. Zərrə qədər də şübhə yeri yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti