U-21 millimizə dəvət olunan Lorenzo Mezzoteronun 18 yaşı avqustda tamam olacaq.
Uşaqlıq illəri Azərbaycan futboluna – “Neftçi”yə bağlı olan italiyalı forvard hazırda “Samptoriya”nın U-19 komandasının şərəfini qoruyur.
Azərbaycan millisindən dəvət alması onu xoşbəxt edib, sevincdən özünə yer tapa bilmir. Hər halda özü belə deyir.
Lorenzo Sportinfo.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirib.
- Yığma komandadan təklif alandan sonra özünü necə hiss edirsən?
- Çox xoşbəxtəm, çox. Bu, mənim üçün fəxrdir, şərəfdir. Milli komandada oynamaq hər bir futbolçu kimi mənim də arzumdur. Bu yaşda arzuma çatacağıma görə sevincliyəm. Uşaqlıq və yeniyetməlik illərim Azərbaycanda keçib. Özümü bu ölkənin vətəndaşı hesab edirəm. Ümid edirəm ki, öz oyunumla mənə güvənən insanların və ən əsası, ailəmin başını uca edəcəyəm.
- Danışıqlar nə vaxt başladı və hansı müddətdə həll olundu?
- Nədənsə hər zaman hiss edirdim ki, bir gün şanlı formanı mənə həvalə edəcəklər. Buna hədsiz inamım var idi. Düzünü desəm, bu gün dəvət alacağımı gözləmirdim. AFFA-dan atama zəng gələndə şoka düşdüm. Təbii ki, bu, sevinc şokuydu.
- Daha öncə danışığınız olmuşdu?
- Düzünü desəm, müəyyən söhbətlər olmuşdu. Lakin ciddilik və reallıq yox idi. Bu dəfə konkret detallar üzərində danışıldı və aramızda həll etdik. Təklifə görə AFFA-ya və baş məşqçiyə təşəkkür edirəm.
- İtaliyada top qovan italyanlar İtaliya millisinin formasını geyinməyi arzulayır. Sən isə Azərbaycan yığmasını seçdin. Bu, gələcəkdə əsas millimizdə oynamaq istəyindən xəbər verir?
- Mənə ilk zəng Azərbaycandan gəldi və mən qərarımı verdim. Bu yaşda U-21 yığmasına cəlb olunmaq mənim üçün böyük təcrübə, inkişaf çağırışıdır. Dediyim kimi, özümü azərbaycanlı hesab edirəm. Çünki 6 il bu cür gözəl ölkədə yaşamışam. Bu gün Azərbaycan millisini düşünürəm. Gələcəkdə nə olacağını zaman göstərəcək.
- Təsəvvür et ki, müəyyən vaxtdan sonra Azərbaycanın əsas millisindən dəvət alırsan. Və bu komandada rəsmi oyuna çıxmağın gələcəkdə İtaliya yığmasının qapılarının üzünə bağlanması deməkdir. Nə edəcəksən?
- Belə hallarda ailəmlə məsləhətləşirəm. Çünki onlar mənim üçün ən yaxşısını arzulayır. Onların etdiyi seçimə hörmət edəcəyəm.
- Belə durumda seçim etmək də asan olmayacaq.
- Əlbəttə. Dediyiniz fürsət yaransa, bəlkə də həyatımın ən çətin qərarını verməli olacağam. Hadisələri qabaqlamaq istəmirəm. Ona görə də bu günü düşünürəm, bu günlə yaşayıram. Gələcəkdə nə olacağını zaman göstərəcək.
- Millidən dəvət məktubu gələndə, “Samptoriya” rəsmilərinin raksiyası necə oldu?
- Klubun direktoru mənim adıma sevindiyini deyərək, gələcək karyeram üçün uğurlar arzuladı. Bu, həm də milliyə oyunçu göndərən “Samptoriya” üçün faydalıdır. Xəbəri eşidən hər kəs mənim adıma sevinir.
- Hansı məsuliyyətin altına girdiyini yəqin ki, anlayırsan. “Samptoriya”dan gələn futbolçu yerli çempionatda oynayan milli üzvlərindən bir addım öndə olmalıdır. Buna hazırsan?
- Məndən gözləntilərin nə dərəcədə böyük olduğunun fərqindəyəm. Birinci təlim-məşq toplanışı mənim üçün tanışlıq xarakteri daşıyacaq. İlk dəfə yer alacağım komandaya və futbolçulara uyğunlaşmaq baxımından vacibdir. Nəyə qadir olduğumu bilirəm. Ümid edirəm ki, millidəki futbolçu yoldaşlarımın köməkliyi ilə yaxşı işlər görəcəyik.
- Heyətlə tanışsan yəqin.
- Təbii ki, baxmışam. Şəxsən tanıdıqlarımdan yalnız Murad Məmmədov var. Muradla uşaq yaşlarımda “Neftçi”də eyni komandada oynamışıq. Yenidən görüşməyimiz xoş olacaq.
- Azərbaycan dilində danışırsan, başa düşürsən?
- Başa düşməklə bağlı problem yoxdur. Yanımda kimsə danışanda ümumi məzmunu anlayıram. Danışmağa gəlincə, müəyyən sözləri bilirəm, deyirəm. Sadəcə sərbəst danışa bilmirəm. Bakıda büynəlxalq məktəbdə təhsil alırdım deyə, əsasən ingiliscədən istifadə edirdik. Yalnız “Neftçi”dəki məşqlər zamanı Azərbaycan dilini eşidirdim. Millinin təlim-məşq toplanışında Azərbaycan dilində danışmağa çalışacağam ki, təcrübəmi artırım. Qavrama qabiliyyətim yüksəkdir, xüsusən də müxtəlif dillər baxımından. Azərbaycanı tərk etməsəydik, indi rahat şəkildə danışardım. Amma mütləq öyrənəcəyəm. Özüm də bunu istəyirəm.
- Sonda azərbaycanlı azarkeşlərə, futbolsevərlərə nə demək istəyirsən?
- Özümü sizdən biri hiss etdiyim üçün xoşbəxtəm. Əlimdən gələni edəcəyəm ki, vurduğum qollarla sizi sevindirim. Azərbaycan, Azərbaycan və yenə Azərbaycan...
HƏBİB

