Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” cari mövsümdə ilk oyuna çıxacaq.
“Köhlən atlar”ın ilk təsnifat mərhələsindəki rəqibi “Vestri”dir.
İslandiya komandası ilə ilk qarşılaşma Bakıda baş tutacaq ki, oyun ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Arenanın meydanı beynəlxalq oyun üçün ideal vəziyyətdədir.
Yay ayı olmasına baxmayaraq, havaların həddən artıq isti keçməməsi qazona nəzarət edənlərin işini xeyli asanlaşdırıb. Odur ki, otu xalça vəziyyətində saxlamaq mümkün olub.
İslandiyadakı iqlim və hava şəraitinə görə meydanların demək olar hamısı süni örtükdən hazırlanıb.
“Vestri”nin tarixində ilk dəfə avrokuboklarda iştirak edəcəyini nəzərə alsaq, qonaq futbolçular sözün hər mənasında cənnət ləzzətini yaşayacaq.
Təbii ki, “Qarabağ” yekun nəticəni onlar üçün cəhənnəmə çevirməsə.
İyulun 9-da “Tofiq Bəhramov”da keçiriləcək görüşün start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

