Futzal üzrə Azərbaycan çempionatının həlledici qarşılaşmasında “Neftçi” İK əsl şok yaşadı.
Sonuncu tura qədər turnir cədvəlində liderlik edən “ağ-qaralar” “Araz-Naxçıvan”la oyunda 1-2 top fərqi ilə məğlub olsaydı belə, çempion adını qazanacaqdı.
“Ağ-qaralar” matçın əvvəlində 2 top fərqi ilə önə keçmiş, rəqibini azı 5 qol vurmağa məcbur etmişdi. Bu, hər nə qədər mümkünsüz görünsə də, “Araz-Naxçıvan” 5 qol vurub klub tarixinə 20-ci çempionluğu yazdırdı.
“Neftçi”nin baş məşqçisi Fuad Rzayevin məyusluğunu anlamaq çətin deyildi. Çətin vəziyyətdə olsa belə, Sportinfo.az-ın suallarını cavablandırmaqdan boyun qaçırmadı.
-Qələbəni, həm də çempionluğu əldən verməyə nə səbəb oldu?
- “Araz-Naxçıvan”ın gücü hər kəsə bəliidir. Hegemon komandaya qarşı oynayırdıq. Çempionlar Liqası görmüş, tək Azərbaycanda yox, Avropada sayılıb-seçilən komandalardandır. Mövsümboyu bir dəfə də olsun Bakı İdman Sarayında məşq etməmişdik. Buna baxmayaraq, qələbəyə və çempionluğa inanırdıq. Sona qədər mübarizə apardıq. Sadəcə futzalçılarımızın təcrübəsizliyi özünü göstərdi. “Araz” təcrübə sayəsində bizi üstələdi. “Neftçi”yə bu il gəlmişəm. Məğlub olsaq da, keyfiyyətli komandaya sahib olduğumuzu deməliyəm. Çempionluğu Allah nəsib etmədi. “Araz”ı təbrik edirəm, inşallah, ölkəmizi Avropada layiqincə təmsil edər.
-Çempionluq hansı anda əldən getdi?
- Rəqibin vurduğu 2-ci qol zaman hesabın bərabərləşməsi bizi bir az qorxutdu, həyəcanlandırdı. Dediyim kimi, həmin anda təcrübə çatmadı ki, dözümlülük göstərək, psixoloji baxımdan sarsılmayaq. 10 ay ərzində çox əziyyət çəkdik, “Araz” kimi rəqiblə layiqli mübarizə apardıq. Hətta deyərdim ki, çempion olmaq “Neftçi”nin haqqı idi. Yol verdiyimiz səhvlərin üzərində işləmıliyik.
- Rəqib həmkarınız qazandıqları qələbəni müxtəlif taktiki gedişlər üzərində çalışmaqları ilə əlaqələndirdi. Xüsusən qapıçıdan meydan oyunçusu kimi yararlanmağın işə yaradığını söylədi. Buna hazır deyildiniz?
- “Araz”a azı 3 top fərqi ilə qələbə lazım idi deyə, hansı taktiki gedişlər üzərində işlədiklərini bilirdik. Biz də məşqçlərdə diqqətli müdafiə olunmağa xüsusi önəm vermişdik. Xüsusi tapşırığımız olmuşdu ki, mərkəzdən vurulan zərbələrdə diqqətli olaq. Təəssüf ki, mərkəzdən vurulan 2 qol zamanı qapıçımız kömək edə bilmədi. Rəqib daha çox hücum edəndə istər-istəməz yorğunluq yaşanır. Yorğunluq olanda isə səhvlər qaçılmaz olur. “Araz”ın heyəti genişdir, 9-10 legioneri var. İstədikləri anlarda rotasiyalar etməyi bacarır.
- Sona 2 dəqiqə qalmış qırmızı vərəqə alaraq komandanızı çətin vəziyyətdə qoyan futzalçını qınayırsınız yəqin.
- Əlbəttə, qınayırıq. Mən onun yerinə başqa oyunçuya şans vermək istəyirdim, özü meydana daxil oldu və belə bir vəziyyət yarandı. Edilən intizamsızlığa görə rəhbərliklə və özü ilə söhbətimiz olacaq. Qırmızı vərəqə olmasaydı, əminəm ki, 2 dəqiqə 40 saniyə ərzində qol vuracaqdıq.
HƏBİB

