«Sabah» Çempionlar Liqasına qələbəylə başladı.
TNS-i Masazırdan 0:2 hesablı məğlubiyyətlə yola saldılar.
Avropanın ən prestijli turnirinə bu cür start əladır.
40 gündən artıq çəkən fasilədən sonra ilk rəsmi oyununa çıxan «Sabah» Uelsdən olan rəqibi önündə heç bir sıxıntı çəkmədi. Sıxıntı varsa da, bu, qol epizodlarıyla davranışdır.
İnsaf yaxşı şeydir, təəssüf ki, Coy-Lens Mikels və yoldaşları bu məsələdə heç də öz üzərinə düşəni layiqincə etmədi.
Bir bir balaca dəqiq oynasaydı, TNS-ə 4-5 qol vurub yola salmaq olardı.
«Sabah» komanda olaraq hələ yolun başındadır, ideal formadan uzaqdır. İki-üç oyundan sonra tam başqa, ən azından, ötən mövsümkü «Sabah»ı görə bilərik.
Görə biləcəyik demirəm a, görə bilərik. Çünki bura Çempionlar Liqasıdır, Premyer Liqa deyil və rəqiblər fərqlidir.
Valdas Dambrauskas bu yay bir neçə transfer etdirib. Hələlik heç birini əsas heyətə daxil eləməyə tələsmir. Təcrübəlidir, riskə getmək istəmir.
Köhnə heyətə alışdırdığı oyun modelinin pozulmasından ehtiyatlanır.
Doğrusu da budur - maşın işləkdirsə, onu sürüb yola davam etmək lazımdır, ustanın yanına gedib orada ləngiməyə, vaxt itirməyə nə gərək var axı..?
TNS Azərbaycana qələbə arxasınca gəlməmişdi. Tək niyyət qolsuz heç-heçəyə nail olmaq, bəlkə də təsadüfi bir qol vurub evə dönmək idi.
Oynadıqları futbola praqmatik adı versək, yenə düz çıxmaz. Praqmatik futbol oynayan komandanın bir taktiki gedişi, B və C variantı olar.
TNS-də bunların heç birini görmədik. Topu yalnız kor-koranə hara gəldi vurmaqdan savayı.
Qonaqlar müdafiədən sürəti əks-hücuma çıxmaq kimi bir variantı da işə salmadı. Elə təəssürat yaratdılar ki, indiyədək «Sabah»ın nə bir oyununu izləyiblər, nə də araşdırma aparıblar.
Rəqibini tanıyan, incələyən Dambrauskas kimi olar. Litvalı çalışdırıcı TNS-i corabına qədər necə çözmüşdüsə, «Sabah» bütün aspektlər üzrə onlardan qat-qat üstün təsir bağışladı.
ELNUR

