“San Paulo”nun futbolçusu Mateus Belem karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşdığı barədə məlumatdan xəbərdarsız.
Bunu Braziliya mediası yazıb.
Onefootball.com-un xəbərinə görə, 23 yaşlı müdafiəçi “Qəbələ”yə keçəcək.
Braziliya klubunun baş məşqçisi Dorival Juniorun gələcək planlarına daxil olmayan mərkəz müdafiəçisi bir müddət əsas heyətdən ayrı məşq edib.
Belem özü rəhbərliyə ilin sonuna qədər olan müqaviləsini yeniləməyəcəyini bildirib.
Məlumat verilib ki, gənc müdafiəçi ilə Qazaxıstan klubları və Portuqaliya II Liqa təmsilçiləri də maraqlanır. Ancaq “Qəbələ”nin təqdim etdiyi layihə həm futbolçunun, həm də onun menecerlərinin ürəyincə olub.
Lakin…
Saytımız fərqli informasiyaya malikdir. Bizdəki informasiyaya görə, “Qəbələ“ ilə cənubi amerikalı arasında danışıqlar yarımçıq dayandırılıb.
Buna səbəb Kaxaber Sxadadzenin ona yanaşmasıdır.
Belə ki, “qırmızı-qaralar“ın baş məşqçisi “sambaçı“ ilə birbaşa müqavilə imzalanmasına tərəddüd edib. Gürcü çalışdırıcı braziliyalını baxışdan keçirmək istəyib, o da bundan boyun qaçırıb.
Belem son olaraq icarə əsasında "Camboriu"nun formasını geyinib. O, bu ilin mart ayında yenidən "San Paulu"ya qayıdıb. Onlarla müqaviləsinin müddəti ilin sonunda başa çatacaq.
SPORTİNFO.AZ

