“Allaha and olsun, “Neftçi”ni udub çempion olacağımıza inanırdım”

23 May 16:40 Müsahibə 561
“Allaha and olsun, “Neftçi”ni udub çempion olacağımıza inanırdım”

Futzal üzrə Azərbaycan çempionu adını “Araz-Naxçıvan” qazandı.

Tarixində 20-ci dəfə “qızıl” sevinci yaşayan “qırmızı-ağlar” sonuncu turun prinsipial qarşılaşmasında “Neftçi” İK-nı 5:2 hesabı ilə məğlub etməklə kuboku başı üzərinə qaldırdı.

Komandanın 41 yaşlı kapitanı Emin Kürdov Sportinfo.az-a verdiyi müsahibədə suallara aydınlıq gətirib.

- İlk hissədən sonra hesabda 1:2 geridə olsanız da, fasilədən sonra 4 qol vurub çempionluğu təmin etdiniz. Nə baş verdi?

- Bildiyiniz kimi, çempion olmaq üçün azı 3 top fərqi ilə qalib gəlməliydik. Əks halda, “Neftçi” çempion olacaqdı. Bu fakt komandada müəyyən gərginlik yaratmışdı deyə, 2 qol buraxdıq. İkinci yarıda va-banka getməkdən başqa çarəmiz qalmamışdı. Üstünlüyümüz o idi ki, qol vurmaq baxımından problemimiz yoxdur. Şükürlər olsun ki, həlledici məqamda qol buraxmadıq, əksinə, hesabı bərabərləşdirərək ruh yüksəkliyi qazandıq. Fürsətdən istifadə edib “Neftçi”ni çempionatboyu göstərdiyi əzmkarlığa və gümüş medallara görə təbrik edirəm. Hətta futzal camiəsinin 95 faizi “Neftçi”nin çempion olacağını düşünürdü.

- 95 faizin içində sən də var idin?

- Allaha and olsun, hətta hesabda 1:2 geridə olanda belə, çempion olacağımıza inanırdım. İkinci hissədə bizə azı 4 qol lazım idi. Düşünürdüm ki, birini vursaq, davamı gələcək. Şəxsən çempion olacağımızı gözləyirdim.

- Oyunda qırılma anı nə oldu?

- “Neftçi” hesabda 2:1 öndə olanda bir neçə dəfə yaxşı imkanları olsa da, qol vura bilmədilər. 3-cü qolu vursaydılar, biz 5 top vurmalıydıq ki, bu, böyük risk sayılacaqdı. Və təbii ki, hesabı bərabərləşdirməyimiz. Bu iki məqamı qeydə edə bilərəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti