“Tapşırmışdılar ki, döyün, söyün, nə edirsiz, edin” – “Neftçi”də gördüklərini dilə gətirdi

10 Fevral 2022 19:00 Müsahibə 2 950
“Tapşırmışdılar ki, döyün, söyün, nə edirsiz, edin” – “Neftçi”də gördüklərini dilə gətirdi

Stajlı “Neftçi” azarkeşləri 90-cı illərin sonlarında sarı-qara formanı geyinmiş (o dönəmdə komanda əsasən bu rəngli geyimdə meydana çıxırdı – H.) ukraynalı “3-lüy”ü yaxşı xatırlayır.

Vladimir Poşexontsev, Leonid Kalfa və 2002-ci ildə dünyasını dəyişmiş Aleksey Stukas. Komandaya Kazbek Tuayevin dönəmində cəlb olmunmuş legionerlərin ölkə kubokunun qazanılmasında böyük rolu olsa da, Əhməd Ələsgərovun gəlişindən sonra “ofsayd”a düşdülər.

Leonid Kalfa bir müddət öncə “Sportinfo”ya danışmış, ötən illərlə bağlı maraqlı xatirələrini dilə gətirmişdi.

SƏRT CAVAB:

Bu dəfə sıra Vladimir Poşexontsevin idi.

Noyabrda 53 yaşını qeyd edəcək sabiq müdafiəçi də saytımıza müsahibəsində maraqlı xatirələrdən danışdı, Azərbaycan futbolunu anbaan izlədiyini sübut etməklə xeyli təəccübləndirdi.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/133008.html)

- Azərbaycandakı dostlarınızla danışırsınız? Əlaqə qalıb?

- Arada “feysbuk”da salam – sağ ol edirik, bayramlaşırıq. Aralarında o vaxt “Neftçi”də oynadığım yoldaşlar da var. Xüsusi olaraq heç kimlə əlaqəm yoxdur. Ukraynaya qayıdanda bəziləri ilə əlaqə var idi, vəfasız zaman bizi ayırdı. Baxıram, indi hamısı məşqçi işləyir, səsləri yaxşı yerlərdən gəlir. Saytınız vasitəsilə hər birinə salam göndərirəm.

- Sizdən sonra Azərbaycanda əslən Odessadan olan çox sayda məşqçi və futbolçu işləyib, oynayıb. Aralarında kim(lər)sə Azərbaycana gəlməmişdən əvvəl sizdən məsləhət alıb?

- Aleksandr Çertoqanovla münasibətim yaxşıdır, bəzən danışırıq. Vladimir Levinlə də yaxınam. Bir neçə il əvvəl onunla veteranların yarışında eyni komandada oynamışdıq. Münasibətimiz yaxşıdır, amma heç biri Azərbaycandan təklif alanda mənim məsləhətlərimə gərək duymayıb. Yəqin ki, başqa yerlərdən öyrəniblər, ya da ehtiyac olmayıb buna. Çertoqanovla Levin Azərbaycanda uzun illər oynadılar, millinin formasını geyindilər.

SƏRT CAVAB:

- Söhbət düşəndə “sizin aldığınız pullar bizə qismət olmadı” deyib, zarafatlaşırsız?

- Yox-yox, qətiyyən! Niyə elə deyim ki? Hər dövranın öz gözəlliyi, öz imkanları var. Saşa ilə Vova mənim qazandığımdan 10 qat artığını qazana bilər. Amma unutmayaq ki, mən oynayan dövrdə də mənim aldığım maaşa həsəd aparanlar olub. Həyatın işi belədir, bu gün belə, sabah başqa cür. Mənim üçün stəkan yarımçıq olanda da dolu kimidir. Əsas odur ki, Bakıda möhtəşəm 2 il keçirmişəm və xoş xatirələrim var.

- 19-20 yaşlı Kalfa ilə Stukasdan fərqli, siz “Neftçi”yə gələndə 29 yaşınız var idi. Təklif almağınız, qərar verməyiniz, gəlməyiniz – hamısı yadınızdadır?

- Əlbəttə, xatırlayıram. O vaxt agent dövrü yeni başlayırdı. Gənclərin çoxu menecerlərlə işləyir, mən isə sovet təfəkkürü ilə evdə oturub dost-tanışdan, hansısa məşqçidən zəng gözləyirdim. Klubsuz qalmışdım həmin vaxt. Bir gün Moskvadan Andrey adlı menecer nömrəmi tapıb mənimlə əlaqə saxladı ki, bəs, “Neftçi”yə təcrübəli mərkəz müdafiəçisi lazımdır, sən kömək edə bilərsən. Kalfa ilə Stukası da Bakıya o aparmışdı. Danışdıq, razılaşdıq, çantamı yığıb Bakıya yollandım. Kazbek Tuayev bir neçə məşqdə bacarığımı görəndən sonra klubla müqavilə bağlamağımı istədi.

- Tuayevdən sonra baş məşqçi postuna sahiblənən Əhməd Ələsgərov sizi komandada görmək istəmirdi. Bunu Kalfa demişdi mənə.

- Bəli, belə bir söhbət var idi. Gələn kimi dərhal bizi yox etmək istəyirdi və mən təcrübəli oyunçu kimi bunu çox gözəl başa düşürdüm. Çünki öz kadrlarına güvənməkdə maraqlıydı. İlk cəhdi uğursuz oldu, bizi kənarlaşdıra bilmədi. Getdim özüylə üzbəüz söhbət etdim, çantamın hazır olduğunu bildirdim. Dedim, sözünüz varsa, açıq deyin, təyyarəyə oturub qayıdım Odessaya. Heç nə demədi. Kiçik pauza verdi və “get məşqini et” dedi. Bu söhbətdən sonra aramız düzəldi. Hətta məni milliyə də dəvət etdi.

SƏRT CAVAB:

- Bəs, Kalfanı niyə xoşlamırdı?

- Mənə göstərdiyi soyuq münasibəti Leonyaya da göstərmişdi. Sadəcə, o, mənim kimi təcrübəli və səbrli deyildi. 20 yaşı vardı, dəliqanlı, cavan oğlan idi. Hər dəfə başa salırdım ki, məşqçi ilə bu cür davranmaq və ya danışmaq sənin ziyanınadır. Çünki nəticəyə cavabdehlik daşıyan odur. İstəyər saxlayar, istəməz yola salar. Kalfa artıq şeylər etdi, ona görə də Ələsgərovla münasibəti sona qədər düzəlmədi.

- Bakıdakı gecə klublarına tez-tez baş çəkirdiniz?

- Desəm ki, klublarda gecələyirdim, yalan olar. Desəm ki, heç getmirdim, o da yalan olar. O vaxt futbolçunun kluba getməsi, spirtli içki içməsi yaxşı qəbul olunmurdu. Amma yalan danışmayacağam, imkan olanda gedirdik. Odessalı uşaqlar, idmançı, yaş tələb edir – başa düşürsən də. Getməyinə gedirdim, amma yerimi və davranışımı bilirdim. Amma bir dəfə olsun klubdan ağlı başından çıxmış sərxoş halda çıxmamışdım.

- Əsasən hansı klublarda əylənirdiniz?

- O vaxt ən məşhur yer “Metkartinq” idi, çox vaxt ora gedirdik. İçəridə maraqlı klub var idi. Bir də “Hyatt Regency”ə. Vadim Vasilyev sağ olsun, bizi tək buraxmırdı, çox vaxt yanımızda olurdu.

SƏRT CAVAB:

- Pulun gəlhagəl vaxtı idi, hə?

- Məbləğ adı çəkməyəcəyəm. Peşəkarlıq və etik cəhətdən doğru olmaz. Tuayevin vaxtında normal idi. Əhməd Lətifoviç gələn kimi rəhbərlikdən əsas istəyi maaşların artırılması oldu. Əsas prinsipi futbolçunun yaxşı pul qazanmasıydı. Deyirdi, futbolçunun məvacibi artır, motivasiyası avtomatik artacaq. Neçə ildir məşqçi işləyirəm və onun dediklərinin həqiqət olduğunu görürəm.

- Həmin dövrdə Premyer Liqada komanda sayı çox idi və siz tez-tez bölgələrə səfər etməli olurdunuz. Bölgələrlə bağlı xatirinizdə qalan maraqlı hadisə var?

- İndi orda vəziyyət bilmirəm necədir, amma o dövrdə Tovuzda yaşananlar inanmıram ki, dünyanın hansısa şəhərində baş versin. Tovuzda gördüklərim futbol adına ləkə, heç kim inciməsin, öz adı ilə deyəcəyəm, vəhşilik idi. Tribunadan futbolçulara daş atır, tuneldə işıqları söndürüb rəqib komandanın üzvlərini döyür, hakimləri ağladır, avtobusa stadiondan çıxmağa imkan vermirdilər. Ordan sağ çıxmağın özü möcüzə idi.

- Tunelin işıqları Gəncədə söndürülürdü axı.

- Yox-yox, Tovuzda. Gəncə kifayət qədər inkişaf etmiş, azarkeşləri futbolun nə olduğunu anlayan yer idi. Həm də, o dönəmdə “Kəpəz” də güclü idi axı. Onlara hakim köməyi lazım deyildi.

SƏRT CAVAB:

- Tovuzda şiddətə məruz qalanların arasında siz də var idiniz?

- Şükürlər olsun ki, yox. Kalfanı vurmuşdular. Meydanın kənarına yaxın yerdə sürüşmə fəndini yerinə yetirəndə, tribunadan daş atmışdılar, xoşbəxtlikdən burnumun ucundan keçmişdi. Həm də mənim yaşım-başım var idi. Kalfa gənc idi, həm də hücumçuydu deyə, rəqib müdafiəçilər hər mənada onu incidirdilər. Mənimlə işləri yox idi. Ən maraqlısı bilirsən nə oldu?

- Nə?

- Bir neçə həftədən sonra “Tovuz” Bakıya gələndə, sanki tam başqa futbolçular idi. Ukraynada bir məsəl var, əsl döyüşçü evdə də döyüşür, çöldə də. Evdə döyüşüb, bayırda sakit durursansa, deməli, döyüşçü deyilsən.

- Bakıdakı oyunlarda özlərini sakit, heç nə olmamış kimi aparırdılar?

- Tək sakit yox, həm də mehriban, incə (gülür). Amma bilirəm ki, orada futbolçularlıq bir şey yox idi. Onlara tapşırmışdılar ki, döyün, söyün, nə edirsiniz edin, “Neftçi” qələbə qazanmasın. Futbolçu da bilirdi ki, uduzsa, işi pis olacaq. Ona görə də məcbur olub meydanda nəsə edirdi ki, sifarişi verənlər görsün.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA