“Neftçi”nin legionerindən “Sportinfo”ya TÜKÜRPƏRDİCİ açıqlamalar

9 Fevral 2022 20:40 Müsahibə 3 114
“Neftçi”nin legionerindən “Sportinfo”ya  TÜKÜRPƏRDİCİ açıqlamalar

Stajlı “Neftçi” azarkeşləri 90-cı illərin sonlarında sarı-qara formanı geyinmiş (o dönəmdə komanda əsasən bu rəngli geyimdə meydana çıxırdı – H.) ukraynalı “3-lüy”ü yaxşı xatırlayır.

Vladimir Poşexontsev, Leonid Kalfa və 2002-ci ildə dünyasını dəyişmiş Aleksey Stukas. Komandaya Kazbek Tuayevin dönəmində cəlb olmunmuş legionerlərin ölkə kubokunun qazanılmasında böyük rolu olsa da, Əhməd Ələsgərovun gəlişindən sonra “ofsayd”a düşdülər.

Azərbaycan millisi Türkiyə klubuna məğlub oldu

Leonid Kalfa bir müddət öncə “Sportinfo”ya danışmış, ötən illərlə bağlı maraqlı xatirələrini dilə gətirmişdi.

Bu dəfə sıra Vladimir Poşexontsevin idi. Noyabrda 53 yaşını qeyd edəcək sabiq müdafiəçi də saytımıza müsahibəsində maraqlı xatirələrdən danışdı, Azərbaycan futbolunu anbaan izlədiyini sübut etməklə xeyli təəccübləndirdi.

- Xeyli vaxtdır sizdən də səs-soraq yoxdur. Necəsiniz?

- Siz Azərbaycanda, mən isə Ukraynada. Kiyev “Dinamo”sunda da işləmirəm ki, səs-sorağım uzaq Bakıya çatsın (gülür).

- Nə işlə məşğulsunuz?

- Odessa “Çernomorets”inin Futbol Akademiyasında çalışıram. Buna qədər Ukraynanın 2-ci liqa komandalarında işləmişəm, “Krivbass”ın əvəzedici, “Vradiyevka”, “Krımtepliçi”nın əsas komandalarında fəaliyyət göstərmişəm. Xeyli vaxtdır Odessadayam, burda rahatdır mənə.

Azərbaycan millisi Türkiyə klubuna məğlub oldu

- Futbolçu karyeranızı başa vuran kimi məşqçiliyə başladınız?

- Başa vuran kimi deməyək. 32 yaşımda futbolu qurtarıb, bir müddət bizneslə məşğul oldum. 41 yaşımda yenə futbola qayıtdım və 43 yaşıma kimi futbol oynadım. Məşqçiliyə də elə sonuncu klubum olan “Real Farm”da başladım. Səhv etmirəmsə, 2012-ci il idi.

- Ukraynada vəziyyət necədir? Yaşamaq, dolanmaq olur?

- Odessa Ukraynanın ən yaxşı şəhərlərindən biridir. Hətta deyərdim ki, paytaxt Kiyevdən geri qalmır. Ümumi Ukrayna haqda fikir bildirməyim çətindir, amma Odessada yaşamaq rahatdır. Nisbətən kiçik şəhər və qəsəbələrdə müəyyən çətinliklər var.

- Azərbaycan üçün darıxırsınız? Yadınıza düşür?

- Əlbəttə. Eh, Azərbaycan və Bakı ilə bağlı elə xoş xatirələr var ki, yaddışımın küncündə. Çoxlu dostlarım var orada. Ümumiyyətlə, bakılılar möhtəşəm insandır. Bakıda yaşamaq mənə ona görə xoş gəlirdi ki, yerli camaatı odessalılara bənzədirdim. Sizdə də dəniz var, bizdə də. Sizdə də insanlar mehriban və qonaqpərvərdir, bizdə də.

Azərbaycan millisi Türkiyə klubuna məğlub oldu

- Bakını 2000-ci ildə tərk etdiniz. Ondan sonra yolunuz heç düşmədi bura?

- Niyə ki, 2003-cü ildə Leonid Kalfa ilə “Neftçi”yə baxışa gəlmişdik. Amma növbəti sınaqdan üzüağ keçə bilməmişdik. Komandanı gəncləşdirirdilər deyə, bizə yer olmamışdı. Ukraynaya geri qayıtmalı olmuşduq. O vaxt artıq 34 yaşım var idi və rəhbərliyin nə demək istədiyini anlayırdım. Həm də, o dönəmdə Azərbaycanda klub futbolu yüksəlişə doğru gedirdi, daha ciddi transferlərə nəzər salırdılar. Biz isə artıq keçilmiş yol idik (gülür).

- Azərbaycanla bağlı xoş xatirələr nə(lər)dən ibarətdir?

- İlk günlərdə Azərbaycan millisinin formasını geyinməyim. Ukrayna yığmasında mənə bu şansı heç vaxt verməzdilər. 30 yaşım vardı, karyeramın sonlarına yaxınlaşırdım və belə bir məqamda millinin formasında meydana çıxmaq imkanı qazandım. Heç nə ilə müqayisə olunmayacaq möhtəşəm hiss idi. Ətrafında keyfiyyətli futbolçular, güclü rəqiblərə qarşı oynayırsan, tribunalar pilləkənlərə kimi dolu, oteldən stadiona polislərin müşayiəti ilə gedirsən – dəhşətli dərəcədə xoş xatirələrdir.

Azərbaycan millisi Türkiyə klubuna məğlub oldu

- Tərslikdən həmin vaxt ölkə futbolunun səviyyəsi yüksək deyildi. Şəraitsizlik, peşəkarlıq aşağı səviyyədə, yararsız meydanlar...

- Bəli-bəli, eynən. Hər nə qədər “Neftçi” kimi aparıcı komandanın şərəfini qorusaq da, ölkə futbolunun ümumi vəziyyəti ürəkaçan deyildi. Bizdən sonra Azərbaycan futboluna böyük pullar axmağa başladı, adlı-sanlı legionerlər gətirildi, stadionlar tikildi. Təəssüf ki, illər keçdikcə həmin gözəllik itdi. Baxıram ki, Azərbaycan futbolu 10-15 il əvvəlki kimi deyil. Futbolun indiki səviyyəsi bizim oynadığımız zamanla bizdən sonrakı dönəmin arasındadır. Milli də xeyli güclənmişdi. Rusiya ilə heç-heçəni xatırlayıram, Türkiyənin qapısına Azərbaycansayağı künc zərbəsindən vurulan qolla qazanılan qələbə yadımdadır. Çempionatda amansız mübarizə yaşanırdı çempionluq uğrunda. İndi əvvəlki kimi deyil. Səhv danışmışram ki?

- Dedikləriniz nöqtə-vergülünə kimi doğrudur. Siz dəqiq Ukraynadasınız? Sanki Azərbaycandaymış kimi danışırsınız.

- (gülür) “Çernomorets”in saytına daxil ol, Odessada olduğuma əmin olacaqsan. Mən futbol adamıyam, karyeramın ən gözəl illərindən 2-si Azərbaycanla, “Neftçi” ilə bağlıdır. Ona görə də diqqətdə saxlayıram. “Qarabağ” kimi komandanın Avropadakı nəticələrini görməməzlikdən gəlmək olar, səncə? Orada Qurban Qurbanov var, qısa müddət də olsa, millidə komanda yoldaşı olmuşuq. Qurbanın komandası İspaniyada “Atletiko” ilə heç-heçə oynamışdı. Bu, Azərbaycan futbolu üçün bilirsən nə demək idi? Bilirsən, dünyaya nə mesaj idi?

- Hətta “Qarabağ”ı da izləyirsiniz...

- Əlbəttə, baxıram. Mən əsl futbol adamıyam, məşqçiyəm, Azərbaycanı sevən biriyəm. Bir neçə il əvvəl “Qarabağ” “İnter”lə oynayanda, hakimin kobud səhvi olmuşdu. VAR sistemi olsaydı, qrupdan “Dnepr” yox, “Qarabağ” çıxacaqdı. O vaxt həmin oyun Ukraynada ciddi səs-küyə səbəb olmuşdu. Çünki “Dnepr”in taleyi “Qarabağ”ın əlindəydi. Qurban Azərbaycan futbolu üçün böyük işlər görür. Məni sevindirən məqam artıq azərbaycanlı futbolçuların özünə güvənməsi, avropalıların önündə “biz də varıq” deməsidir. Bu, futbolun və futbolçuların inkişafı üçün çox ciddi amildir.

Azərbaycan millisi Türkiyə klubuna məğlub oldu

- Yeri gəlmişkən, uzun sürən Qarabağ həsrətindən sonra torpaqlarımızı da qaytardıq.

- Bilirəm, xəbərim var. Siyasəti sevən biri olmasam da, bu münasibətlə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki özüm də bir ukraynalı kimi müharibənin nə olduğunu bilirəm, acısını yaşamışam. Qalib gəlmək həqiqətən möhtəşəm hissdir. O vaxt mən Azərbaycanda oynayanda, insanların necə həsrət çəkdiyini görürdüm. Hamı Qarabağdan, müharibədən danışırdı.

- Siz oynayan dönəmdə xalq ilk Qarabağ döyüşlərinin təsiri altındaydı, şəhidlərin qanı qurumamışdı, qaçqınların sosial vəziyyəti yaxşı deyildi.

- Bilirəm, yaxşı bilirəm bunları. Dediyim kimi, özüm də görürdüm, anlayırdım. Azərbaycan 2020-ci ildə Qarabağ torpaqlarını qaytaranda dərhal azərbaycanlı dostumun yanına qaçdım. Burada bərbərxanada işləyir, çox yaxşı oğlandır. Xəbəri oxuyan kimi tələsik yanına qaçıb, onu təbrik etdim, bağrıma basdım. Yenə deyirəm, siyasət adamı deyiləm, siyasi söhbətlərdən uzağam. Amma Azərbaycanın yeri qəlbimdə başqadır.

- Azərbaycandakı dostlarınızla danışırsınız? Əlaqə qalıb?

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA