"Azərbaycan bura müdafiə olunmağa gələcək" - Assosiasiya prezidenti

11 Noyabr 2019 12:42 Milli komanda 540
"Azərbaycan bura müdafiə olunmağa gələcək" - Assosiasiya prezidenti

Slovakiya Futbol Assosiasiyasının prezidenti Yan Kovaçik yerli mətbuatın suallarını cavablandırıb. Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Bu gün milli komanda AÇ-2020-nin seçmə mərhələsi üçün sonuncu dəfə toplaşacaq. Kollektiv daxilində ab-hava necədir?

- Atmosfer əvvəlki oyunlarda necədirsə, indi də elədir. Nəyi necə edəcəyimizi yaxşı bilirik. Digər matçların nəticəsindən asılı olmamaq üçün bizə 2 qələbə lazımdır. Buna nə dərəcədə nail olacağımızı isə meydandakı oyun göstərəcək.

- Xorvatiya ilə oyundan sonra seçmə mərhələdə bizi Azərbaycanla final matçı gözləyir. Evdə oynayacağıq. Bakıdakı görüşdə Pavel Hapalın komandası 5:1 hesablı qələbə qazanmışdı. İctimaiyyətin rahat qələbə gözlədiyi qarşılaşma ilə bağlı fikirləriniz necədir?

- Uşaqların yaxşı nəticə üçün mümkün olan hər şeyi edəcəklərini gözləyirəm. Bütün 90 dəqiqəni qapalı müdafiəyə qarşı keçirəcəyimizi düşünmək olar. Amma hesab edirəm ki, yığmamız bunun öhdəsindən gələcək.

- Azərbaycanla oyunun başqa şəhərdə keçirilməsini planlaşdırsanız da, Trnavaya saldınız. Buna səbəb nə oldu?

- Pavel Hapal futbolçularla müzakirədən sonra dedi ki, daha böyük stadionda oynasaq, şad olardıq. Dərhal ona cavab verdik. Azərbaycan tərəfinə müraciət etdik. Onların da razılığı olmalı idi. Çünki əvvəlcə Bratislavadakı stadionu sifariş vermişdik. Bununla bağlı Azərbaycan tərəfdən heç bir problem olmadı. Bundan sonra isə UEFA-da oyunun yerinin dəyişdirilməsini xahiş etdik. Rəqibin xarakterini nəzərə alsaq, yaxşı meydanda oynamaq bizim üçün vacibdir. Azərbaycan bura müdafiə olunmağa gələcək. Biz isə yaradıcı oyun göstərən tərəf olacağıq.

- Milli komanda final mərhələsinə vəsiqə qazansa, nə qədər mükafat veriləcək?

- Dəqiq məbləği bilmirəm. Amma federasiyanın 2016-cı ildə Fransada keçirilən Avropa çempionatından qazancı 3 milyon avro olmuşdu. Düşünürəm ki, bu dəfə daha çox olacaq. Çünki sonrakı hər çempionatda mükafat fondu artır.

Digər Xəbərlər
Xəbər Lenti