"Qarabağ" günahkardımı?

17 Sentyabr 2020 18:40 Köşə 1 371
"Qarabağ" günahkardımı?

"Qarabağ" dünən Kiprdə "Molde"yə penaltilərlə uduzmaqla Çempionlar Liqası ilə vidalaşdı.

Doğma meydanda keçirməli olduğumuz oyunu Norveç tərəfinin dövlət və klub səviyyəsində dirənişi sayəsində UEFA neytral meydanda - Kiprin Larnaka şəhərində keçirilməsinə qərar verdi.

Qərarın belə verilməsinə AFFA da mane ola bilmədi və ya mane olmaq istəmədi. Hər halda bir gecədə "Neftçi"ni "Baksel Arena"dan BOS-a gətirməyə nail olan federasiya, istəsəydi buna da nail ola bilərdi ...

Oyuna kimi meydandan kənar mübarizədə məğlub olmuşduq. Bunun komandaya psixoloji zəbərsi mütləq idi. Hər şeyə rəğmən oyunun başlanğıcı göstərdi ki, Qurbanov komandasını bu oyuna kökləyə bilib. Amma təssüflər olsun ki, oyun ərzində dəfələrlə yaratdığımız real qol epizodlarını bir dəfə Abdullah Zubir, bir neçə dəfə isə Mahir Emreli boşa verdi. Ümumiyyətlə, sonuncunun dünənki oyununa şərh verməyə adam utanır. Nə qədər bacarıqsız hücumçu olasan ki, bir oyunda o qədər şansı boşa verəsən. 120 dəqiqəlik aşkar üstünlüyümzə baxmayaraq, hesab açılmayınca qalib penaltilərlə müəyyənləşdi. Burada isə rəqib qapıçının Bədavi Hüseynovun zərbəsini qaytarması çempionumuzun Çempionlar Liqasındakı mübarizəsinə son qoydu. Məğlubiyyətdən sonra hər kəs "Qurban" ovuna çıxdı.

Şahruddin Məhəmmədəliyev düyünü - Start heyətimiz açıqlanan andan qapı mövqeynin müzakirəsi yenidən alovlandı. Niyə Emil yox, məhz Şahruddin? Açığı, birincinin qapıda durmasını istəyənlərdən biri də elə mən özüməm. Amma zaman göstərdi ki, Qurbanov heç də yalnış seçim etməyib. Şahruddinin 102-ci dəqiqədə rəqib futbolçunun penaltisini qaytarması, penaltilər seriasında özündə cəsarət tapıb, zərbəni dəqiq yerinə yetirməsi dediklərimə əyani sübutdur. Hətta ani diqqətsizlik olmasaydı, o, daha bir penalı qaytara bilərdi. Qismət!

Niyə Mahir Emreli? - Dünən sosial şəbəkələrin trendi olan mövzu məhz bu sual idi. Hər kəs bir ağızdan Qurbanovun niyə hücumçu almamsını qınayırdı. Niyə Emrelinin ümidinə qalıb avrokuboklara getməsini qınayırdı. Hər kəs, bu tənqiddə, bu qınaqda tam haqlıdır. Amma bir də məsələyə başqa tərəfdən baxaq. "Qarabağ" il ərzində oynadığı 40-45 oyundan 40-a yaxınını bəlkə də çoxunu "Səbail" və "Keşlə" kimi komandalara qarşı oynayır və belə oyunlarda qələbə qazanmaq üçün Qurbanova Emreli belə çoxdur. O zaman belə çıxır ki, mövsüm ərzində baş tutacaq bir neçə ağır oyun üçün "Qarabağ" milyonundan keçib hücumçu(lar) gətirməlidir? Ağıllı baş məşqçi, ağıllı rəhbər bunu etməz! Hələ hansısa sanballı hücumçunun bizim çempionata gətirməyə razı salmağın "rahatlığından", "Səbail"ə, "Keşlə"yə qarşı mübarizə aparmağın "həzzindən" danışmıram. Bəlkə, bir az yavaşlayaq?

Bədavi niyə penal vurdu? - Aha, növbəti qurban hazırdı - Bədavi Hüseynov. Nədi-nədi adam penalı dəqiq yerinə yetirməyib. "Bir mərkəz müdafiəçisinin 5-ci penalı vurmaqda nə işi var?" sualı dünəndən asimana bülənd olub. Tamam, sizinlə razıyam. Bəs mərkəz müdafiəçisindən də qabaq qapıçının niyə penal vurmalı olduğunu qabartmırsınız? Deməli, penal vurmaq futbolçunun mövqeyi yox, o andakı durumu ilə bağlıdır. Görünür, dünən Şahruddin kimi Bədavi də 11 metrlik cərimə zərbəsini vurmağa daha hazırlıqlı olublar. Birində alındı, digərində yox. Heç birində alınmaya bilərdi və ya hər ikisində də alına bilərdi. Axı penallaşmanın digər adı da lotereyadı.

Dünən, "Molde" oyunda olduğu ki, lotereyada da şansı olan tərəf idi. Nə məcburdu Qurban(ı) axtarmaq?

İstənilən halda məğlubiyyət varsa, üzüntü də normaldı. Amma üsyan qoparmayaq ki, ay amandı "Qarabağ" Çempionlar Liqasından kənarda qaldı. Guya ki, ora hər il təmsil olunduğumuz yerdi axı. Bu ağlaşma nəyin nəsidir e? Çox yaxın tarixdə iki klubumuz Avropa Liqasının BİRİNCİ TƏSNİFAT mərhələsindən kənarda qalmadımı? Flaqman "Neftçi" həvəskar səviyyəli, meydanda 10 nəfərlə qalan "Şükupi"ni zülmlə keçmədimi? Nə oldu ki, indi Çempionlar Liqasının bir yox, iki yox, üçüncü təsnifat mərhələsində uduzmağı dünyanın dağılması kimi təqdim edirik? Bilirəm, "uman yerdən küsəllər" deyəcəksiniz. Elə bil çox küsürük axı ...

Xanoğlan İmanov

Xəbər Lenti