Mamedovun "Azbuka"sı

3 Avqust 2020 19:16 Köşə 2 269
Mamedovun "Azbuka"sı

Canni de Byazi ilə bağlı fikirlərim dəyişməyib. Sadəcə hadisələri öz axarına buraxmaq, hələ millini bir oyuna belə çıxarmayan italiyalı haqda əsaslı bədbinlikdən qaynaqlanan fikirlər səsləndirmək istəmirəm. Heç hamının bildiyi həqiqətləri dönə-dönə xatırlatmağı da bu gün üçün uyğun saymıram. Təbii, yığmanın uğur qazanması hər birimiz üçün olduqca önəmlidi. Söhbət mövzusu millidisə, hərdən ən yaxşısına ümid etmək, heç olmasa, müəyyən zaman dilimində seçməylə bağlı ilıq xəyallar qurmaq olar. Niyə də yox? Xəyallar neftin puluyla alınmır, onlara xalqın sərvətindən gələn gəlirdən ayrılan vəsaitlə yüzminlərlə əməkhaqqı verilmir.

İyulun 30-da AFFA ilə müqavilə bağlayan 64 yaşlı çalışdırıcının əvvəlki əcnəbilərdən daha yaxşı nəticə göstərməsi zər qanadlı arzudu. Hələ həqiqət anı yetişməyibsə, arzuların zəri tökülməyibsə, xoş sürprizlərdən dəm vurmaq bizim də haqqımızdı.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və ətrafındakıların quşu gözündən vurduğunu, assosiasiyanın trollarının ictimaiyyətdə "AFFA ən doğru olanı edir" fikri yaratmağa çalışdığını alqışlamıram. Bunlar köhnə bülbüllərin qulaqları qıcıqlandıran yeni nəğmələridi.

Məni dilə gətirən 2007-ci ildə AFFA-da baş katib qismində fəaliyyətə başlayan Elxan bəyin 13 il papağı günə yandırandan sonra milli futbolun "Azbuka"sını tapmasıdı. Yəni "Əlifba"sını, başqa sözlə, ibtidai pilləsini... Hərçənd "vəzir"dən danışırıqsa, "Azbuka" daha uğurlu yanaşmadı.

Adam bu dəfə mentallığa qarşı çıxmadı. De Byazinin Azərbaycan türkcəsində dediyi "Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq" sözləri bütün azərbaycanlıların ürəyinə yağ kimi yayıldı. Mütəxəssisin böyük uğurlarla bağlı verdiyi vədi ciddiyə almağa məhkum deyilik. Amma işlədiyi ölkənin dilinə sayğı nümayiş etdirməyə razılaşması bu və buna bənzər kiçik məqamlarla ovunmağa öyrəncəli olan futbolsevərlər üçün çox şeydi.

Hər şey hörmətdən, milli dəyərlərin yüksəkdə tutulmasından başlayır. Əmin olun ki, bunu 2008-ci ildə Berti Foqtsa başa salsaydılar, heç vaxt Aleksandr Çertoqanovu cinah yarımmüdafiəçisi mövqeyində sınamağa cəhd etməz, yerli futbol ictimaiyyətinə yuxarıdan aşağı baxmaz, özünü hamıdan ağıllı saymaz və medianın səbr kasası daşmış nümayəndələri tərəfindən aftafa ilə "mükafatlandırılmazdı". Yəqin ki, Foqtsun xələfi - Robert Prosineçki də belə məsələlərlə bağlı heç nə eşitməmişdi. Eşitsəydi, 2016-cı ilin aprel döyüşləri zamanı ailəsini götürüb Azərbaycandan qaçmazdı...

Mövzunu çox uzatsam, yenə bir ucu sərt tənqidə doğru dartınacaq. Ona görə də icraçı vitse prezidenti 13 ildən sonra tapdığı "Azbuka" münasibəti ilə təbrik etməklə kifayətlənirəm. Bu məsələni Mamedova başa salan, minnətçi düşüb "ne volnuytes, vsyo budet otliçno" söyləyən şəxsə isə təşəkkürümü çatdırıram (fanat.az).

Nihat Ağasoy

Xəbər Lenti